“Müşahidələr göstərir ki, ABŞ-İran müharibəsi sanki hər an başlaya bilər. Amma hiss olunur ki, Prezident Donald Tramp daha çox siyasi addımlara üstünlük verir. Yəni mövcud sakitlik siyasi baxımdan ona sərf edir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
A. İsazadə xatırladıb ki, D. Trampın apreldə Çinə səfər edəcəyi gözlənilsə də, bu səfər baş tutmadı: “Belə bir səfər may ayında gözlənilir. Ehtimal edirəm ki, İranla müharibə qızışarsa, səfər yenidən təxirə salına bilər. Uğursuz İran müharibəsi fonunda Çinə səfər etmək məntiqli görünmür. Ona görə də Tramp üçün mövcud “sakitlik” daha sərfəlidir”.
Hərbi ekspert əlavə edib ki, İranla bağlı gərginlik ABŞ ilə onun müttəfiqləri arasında da müəyyən problemlər yaradıb. Xüsusilə, Tramp bu fonda NATO hərbi alyansını lazımsız qurum kimi qiymətləndirməyə başlayıb. Onun arqumenti isə bundan ibarətdir ki, İran məsələsində ABŞ-a kifayət qədər dəstək verilməyib.
“Hazırda İrana hücum hər hansı ciddi nəticə verməyə bilər və bunun qarantiyası da yoxdur. Çünki aydındır ki, İranı yalnız havadan bombalamaqla rejimi dəyişmək mümkün deyil. Bunun üçün quru əməliyyatları aparmaq lazımdır. Bu isə həm çətin, həm də olduqca risklidir”, - deyə İsazadə izah edib.
Onun sözlərinə görə, bu reallığı İranda hakimiyyətə nəzarəti ələ alan hərbi dairələr daha yaxşı anlayırlar: “Şübhəsiz ki, İran da boş dayanmır və müəyyən hazırlıqlar görür”.
A. İsazadə hesab edir ki, hazırkı şəraitdə gərginliyin artması İran generallarının, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maraqlarına daha uyğundur: “Nəzərə almaq lazımdır ki, müharibə başa çatarsa, SEPAH generalları hakimiyyəti yenidən mollalara və ya mülki administrasiyaya verməyə məcbur ola bilərlər. Bu qurum isə faktiki olaraq hakimiyyətə nəzarəti ələ alıb. Ehtimal olunur ki, atəşkəs və müharibənin başa çatması onların maraqlarına uyğun deyil”.
Nemət Orucov
Reyting.az