Avropanı bürüyən anomal istilər qitənin həm sosial infrastrukturunu, həm də ekosistemini ciddi sınaq qarşısında qoyub. “İsti qübbə” adlanan atmosfer hadisəsi nəticəsində Sahara səhrasından gələn isti hava kütlələri Qərbi və Mərkəzi Avropa üzərində sıxışıb qalıb. Bir sıra bölgələrdə temperatur mövsüm normasını 15-25°C üstələyir.
Reyting.az xəbər verir ki, yüksək temperatur böyük şəhərlərdə gündəlik həyatı çətinləşdirib. Avropada evlərin cəmi 20 faizində kondisioner sistemlərinin olması vəziyyəti daha da ağırlaşdırır.
• Fransada ölkənin təxminən üçdə biri üzrə ən yüksək - “qırmızı” xəbərdarlıq elan olunub. Paris və bəzi bölgələrdə havanın temperaturunun 41°C-yə çatacağı gözlənilir. İstilik səbəbindən 71 şəhərlərarası qatar reysi ləğv edilib, bəzi açıq hava tədbirləri dayandırılıb.
• İtaliyada Roma, Milan, Turin və Boloniya daxil olmaqla səkkiz şəhərdə “qırmızı həyəcan” rejimi tətbiq olunub. Turində elektrik şəbəkələrində qəzalar və kəsintilər qeydə alınıb.
• İspaniyanın bir sıra bölgələrində temperatur 40°C-ni keçib, açıq havada keçirilməsi nəzərdə tutulan mədəni və idman tədbirləri təxirə salınıb.
Anomal istilər vəhşi təbiətə də ağır təsir göstərir. Belçika və qonşu ölkələrdə heyvan sığınacaqlarına susuzluqdan və istilik zərbəsindən əziyyət çəkən quşlar, kirpilər, sincablar və digər heyvanlarla bağlı müraciətlərin sayı rekord həddə çatıb. Ekspertlər sakinləri həyətlərdə və eyvanlarda su qabları yerləşdirməyə çağırırlar.
Eyni zamanda, Almaniyanın şərqində və Polşada yüksək temperaturla rütubətin birləşməsi güclü tufan və dolu riskini artırıb. Berlində keçirilən məşhur musiqi festivalı güclü yağış səbəbindən yarımçıq dayandırılıb.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi fonunda Avropada bu cür istilik dalğaları daha tez-tez və daha intensiv xarakter alır. Hazırkı istilik dalğasının həftənin ortalarınadək davam edəcəyi gözlənilir.
V. Quliyev