Advert
Advert

İtaliya AES-in fəaliyyətini bərpa edəcək

Tarix:
 İtaliya AES-in fəaliyyətini bərpa edəcək
Reklam

İtaliyanın Baş naziri Ciorciya Meloni atom energetikasının bərpası üçün yeni qanun layihəsi hazırlandığını bildirib. Baş nazirin sözlərinə görə, hökumət yay aylarına qədər nüvə enerjisinin yenidən enerji balansına qaytarılması üçün hüquqi baza yaradacaq. 

Reyting.az xəbər verir ki, qanun layihəsi "dayanıqlı" nüvə energetikasının inkişafını, həmçinin milli proqramın hazırlanmasını, o cümlədən müstəqil nüvə təhlükəsizliyi qurumunun yaradılmasını, eyni zamanda, elmi-tədqiqat işlərinin gücləndirilməsini də nəzərdə tutur. 

Məlumata görə, bununla bağlı hazırlanacaq icraedici qərarların qanun qüvvəyə mindikdən sonra, 12 ayın ərzində qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, İtaliya 1960-cı illərdən etibarən dörd Atom Elektrik Stansiyası istismar etmişdi. Keçmiş SSRİ məkanında, o cümlədən Ukrayna ərazisində yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verən nüvə sızmasından sonra İtaliya referendum keçirmiş və nüvə enerjisindən imtina etmişdi. Daha sonra isə 2011-ci ildə Fukusima qəzası nəticəsində yaranmış fəsadlar İtaliya dövlətini yenidən bu məsələyə qayıtmağa sövq etmişdi və bu ölkə yeni AES tikintisinə moratorium tətbiq olunduğunu açıqlamışdı. 

Ekspertlərin fikrincə, son illərdə enerji təhlükəsizliyi, dekarbonizasiya məqsədləri fonunda İtaliyanın nüvə enerjisinə marağı yenidən artmağa başlayıb ki, bu da qlobal təhlükəsizliklə bağlı ciddi problemlərdən xəbər verir.

Oqtay Qorçu
 

Reklam