İtaliya hökuməti etrusk mədəniyyətinə aid olan, tarixinə görə ən mühüm abidələrdən biri hesab edilən, Vulkidə yerləşən qədim freskalı Fransua məzarını 15 milyon avroya almaqla, onu dövlət mülkiyyətinə keçirib.
Reyting.az xəbər verir ki, tarixi eradan əvvələ, 340–320-ci illərə aid edilən bu məzar 1857-ci ildə Vulkidə aşkar olunub. Onun əsas dəyəri qədim etrusk və yunan mifologiyasını əks etdirən 37 rəngli freskadan ibarətdir.
Yerli mütəxəssislərin fikrincə, bu rəsmlərin əsas əhəmiyyəti etruskların hakimiyyətini, həmçinin ölüm səbəblərini araşdırmaq və milli kimliklərini, mənşəyini öyrənmək üçün nadir mənbə olmasındadır. Bu barədə rəy verən alimlər həmçinin vurğulayıblar ki, bu abidə xüsusilə erkən Roma tarixi ilə bağlı, qədim mədəniyyət haqqında təsəvvürləri əks etdirən təsvirlər toplusu kimi tarixçilər üçün çox böyük əhəmiyyət daşıyır.
Freskalar Romadakı Milli Etrusk Muzeyinə təhvil veriləcək. Eksponatların 2026-cı ilin iyunun 25-dən ziyarətçilər üçün açılması planlaşdırılır.
Böyük mədəniyyətə və zəngin tarixə malik olan Etrusk xalqı qədim İtaliyanın mərkəzi bölgələrində yaşayıblar. Alimlər bildiriblər ki, etrusklar tarixən Roma mədəniyyətinin və dininin, o cümlədən siyasi ənənələrinin formalaşmasına ciddi təsir göstərmiş xalq hesab olunublar.
Oqtay Qorçu