Advert
Advert

İTV-nin keçmiş departament direktoru baş direktoru sərt tənqid edib

Tarix:
İTV-nin keçmiş departament direktoru baş direktoru sərt tənqid edib
Reklam

İctimai Televiziyanın (İTV) keçmiş departament direktoru Rauf Rəcəbov İTV-nin baş direktoru Balakişi Qasımovun ənənəvi televiziyaların gələcəyi ilə bağlı səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.

Reyting.az xəbər verir ki, Rauf Rəcəbov sosial şəbəkədə paylaşdığı açıqlamada Balakişi Qasımovun "Ənənəvi televiziya "Titanik" gəmisi kimi batır. İndi iki yol var: ya "Titanik"dəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq" fikirlərini şərh edərək, yaranmış vəziyyətin əsas səbəbinin məhz televiziya rəhbərliyinin idarəetmə siyasəti olduğunu vurğulayıb.

Keçmiş direktorun sözlərinə görə, "gəmini ən çox batıran onu idarə edən kapitanlardır".

Rauf Rəcəbov bildirib ki, İTV-nin qurulmasında əməyi olan və peşəkarlığı ilə bu televiziyanın nümunəvi media qurumuna çevrilməsində mühüm rol oynayan əməkdaşlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılıblar. Onun fikrincə, həmin şəxslərin yerini əksər hallarda peşəkarlıq meyarı ilə seçilməyən kadrlar tutub və nəticədə uzun illər ərzində formalaşmış peşəkar idarəetmə sistemi dağılıb.

Balakişi Qasımov

O qeyd edib ki, bu proses İTV-nin əsas missiyasından uzaqlaşmasına səbəb olub və efirdə ictimai maraqlara xidmət edən məzmunun yerini daha çox mənasız prodakşn layihələri tutub.

R. Rəcəbov bildirib ki, bu gün ənənəvi televiziyanın böhranından danışılarkən səbəbləri yalnız texnologiyanın inkişafı ilə izah etmək doğru deyil. Onun sözlərinə görə, problemlərin kökündə illər ərzində verilmiş yanlış idarəetmə qərarları, peşəkar kadrların uzaqlaşdırılması və peşəkarlığın lazımi səviyyədə qiymətləndirilməməsi dayanır.

"Güclü media qurumlarını rəqiblər yox, yanlış qərarlar və peşəkarlığın qiymətləndirilməməsi zəiflədir", - deyə keçmiş departament direktoru vurğulayıb.

V. Quliyev
 

Reklam