Latviya Hərbi Kəşfiyyatı ölkəyə qarşı təhdidləri qiymətləndirən hesabatında Rusiyanı yaxın gələcəkdə də ən böyük təhdid mənbəyi adlandırıb.
Reyting.az-ın məlumatına görə, Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti hesabatın xülasəsini dərc edib.
Hərbi Kəşfiyyatın və Təhlükəsizlik Xidmətinin son bir ildə regional təhlükəsizlik üçün əsas risk faktorlarını təhlil edən və proqnozlar verən hesabatında qeyd olunur ki, Rusiya Latviyanın təhlükəsizliyi üçün ən böyük təhdid mənbəyi olub və yaxın gələcəkdə də belə olacaq.
Bildirilir ki, əsas təhdid amilləri Rusiyanın imperiya ambisiyaları, aqressiv xarici siyasəti və NATO ilə qarşıdurmada qalib gəlmək kimi uzaq məqsədlə hərbi imkanların inkişafıdır.
Sənəddə Rusiyanın hərbi inkişaf üçün uzunmüddətli planları da təhlil edilir.
Latviya hərbi kəşfiyyatı hesab edir ki, Rusiya hələ də ənənəvi vasitələrdən və geniş çeşidli "hibrid" alətlərdən istifadə edərək Qərb ölkələri arasında birliyi pozmaq kimi strateji məqsədini qoruyur.
Latviyanın vacib infrastrukturunu və ordusunu hədəf alan xarici kəşfiyyat agentliklərinin fəaliyyətində də məqsədyönlü artımın olduğu iddia edilir.
V. Quliyev