Vyetnamda hüquq-mühafizə orqanları “pişik oğurluğu və toplanması üzrə ixtisaslaşmış cinayətkar təşkilat” kimi xarakterizə edilən qrupla əlaqəli 9 nəfəri saxlayıb.
Reyting.az xəbər verir ki, ötən həftə Tay Nin əyalətinin müxtəlif ərazilərində polis tərəfindən keçirilən reydlər zamanı 400-dən çox diri pişik və dondurulmuş vəziyyətdə saxlanılan təxminən 80 ölü pişik müsadirə edilib.
Vyetnamda it və pişik ətinin istehlakı qanuni olsa da, satıcıların heyvanların mənşəyini təsdiq edən rəsmi sənədlərə malik olmaları tələb edilir.
Polis, Ho Şi Min şəhərində ev heyvanlarının oğurlanması ilə bağlı artan şikayətlərdən sonra başladılan istintaq çərçivəsində iyunun 11-də həmin qrupu izləyib.
Müstəntiqlər müəyyən ediblər ki, şübhəlilər oğurlanmış pişikləri toplama mərkəzlərinə aparır, daha sonra isə hər iki-üç gündən bir tacirlərə satırmışlar.
Heyvan hüquqlarını müdafiə edən “Humane World for Animals” təşkilatı oğurlanmış pişiklərdən təxminən 40-nın sahiblərinə qaytarıldığını açıqlayıb.
Təşkilat çoxsaylı heyvanın həyatını xilas etmək üçün qətiyyətli addımlar atan yerli hakimiyyət orqanlarına təşəkkür edib və bəzi pişiklərin sonradan keçirdikləri travma nəticəsində öldüyünü bildirib.
“Humane World for Animals” hüquqi proses davam etdiyi müddətdə polis tərəfindən sübut kimi saxlanılan pişiklər üçün qida və digər zəruri ləvazimatların təmin edilməsini davam etdirir.
İstintaqın davam etdiyini bildirən polis, ev heyvanlarının oğurlandığını düşünən sakinləri xilas edilmiş heyvanları müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
Qeyd edək ki, Vyetnamda hər il təxminən 5 milyon it və 1 milyon pişik tutulur, oğurlanır və ya kəsim məqsədilə alınıb-satılır.
Ev heyvanları tez-tez insanların həyətlərindən oğurlanır. İtlərin tutulması üçün zəhərlənmiş yemlərdən və elektrik şok cihazlarından, pişiklər üçün isə yaylı tələlərdən istifadə olunur.
Vyetnamda it və pişik ətinin istehlakı digər Asiya ölkələri ilə müqayisədə daha geniş yayılsa da, mütəxəssislər bu ənənəyə münasibətin tədricən dəyişdiyini qeyd edirlər.
V. Quliyev