Pakistanın nəzarətində olan Kəşmirdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən yeni toqquşmalarda ən azı 15 nəfər - 11 mülki şəxs və dörd təhlükəsizlik işçisi həlak olub.
Reyting.az xarici mətbuata istinadla bildirir ki, etirazlar, qarşıdan gələn yerli qanunvericilik məclisi seçkilərində Kəşmir qaçqınları üçün 12 yerin ayrılmasına qarşı çıxan Birgə Xalq Fəaliyyəti Komitəsi (JAAC) tərəfindən təşkil edilib. Yerli hakimiyyət orqanları qrupun fəaliyyətini qadağan edərək, onu üsyana təhrikdə ittiham edib, lakin bu, etirazçıları dayandırmayıb.
Yerli rəsmilər bildiriblər ki, 10 mindən çox insanın olduğu təxmin edilən böyük bir etirazçı dəstəsi Ravalakot şəhərindən dörd kilometr (2,4 mil) məsafədədir.
Pakistanın idarə etdiyi Kəşmirdə Punç Rayon Komissarı Sərdar Vahid Xan deyib ki, təhlükəsizlik qüvvələri ərazidə asayişi qorumaq üçün patrul xidməti göstərir və sakinlərə evlərində qalmaları tövsiyə olunub. O, əlavə edib ki, etiraz karvanının Müzəffərabada gedərkən Ravalakotdan keçməsinə icazə verilməyəcək.
Müşahidə uçuşları üçün helikopterlər ştatın paytaxtı Müzəffərabad və Ravalakot üzərindən uçur.
V. Quliyev