Fizika sahəsində fəaliyyət göstərən alimlər kainatın mümkün ölçülərini daha dəqiq müəyyənləşdirdiklərini açıqlayıblar.
Reyting.az xəbər verir ki, bu barədə beynəlxalq COMPACT əməkdaşlığına daxil olan alimlərin birgə bəyanatında məlumat verilib.
Tədqiqatçıların fikrincə, kainatın qapalı qlobal quruluşa malik olması ehtimalı istisna edilmir. Onlar bildiriblər ki, bu ehtimal mövcud nəzəriyyələr arasında kifayət qədər inandırıcı və məntiqli görünür.
Alimlər vurğulayıblar ki, əgər bu nəzəriyyə doğrudursa, uzaq qalaktikalardan gələn işıq müxtəlif istiqamətlərdən hərəkət edərək eyni müşahidəçiyə çata bilər.
Bəyanatda qeyd olunub ki, indiyədək aparılmış elmi müşahidələr bu ehtimalı nə tam təsdiqləyir, nə də təkzib edir.
Elm adamlarının sözlərinə görə, gələcəkdə həyata keçiriləcək “LiteBIRD” kosmik missiyası və yeni qalaktika müşahidələri kainatın qlobal formasının müəyyənləşdirilməsinə mühüm töhfə verə bilər.
Fiziklər hesab edirlər ki, bu nəzəriyyə gələcək tədqiqatlarla təsdiqlənərsə, həmin nəticə müasir kosmologiya tarixinin ən mühüm elmi kəşflərindən biri kimi qiymətləndiriləcək.
Oqtay Qorçu