ABŞ-da prezidentliyə keçmiş namizəd, demokrat Kamala Harris 2024-cü il seçkilərində Donald Trampa məğlub olsa da, siyasi ambisiyalarından geri çəkilməyib. O, 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola biləcəyi ehtimalını dilə gətirib.
ABŞ-ın keçmiş vitse-prezidenti Harris bu fikri Milli Fəaliyyət Şəbəkəsinin illik konqresində vətəndaş hüquqları lideri Al Sharpton ilə birlikdə səhnədə çıxışı zamanı səsləndirib.
Reyting.az-ın məlumatına görə, tədbirdə Şarpton Harrisdən birbaşa soruşub:
- 2028-ci ildə yenidən namizədliyinizi irəli sürəcəksiniz?
Zal iştirakçıları “Yenidən namizədliyinizi irəli sürün!” şüarları səsləndirsələr də, Harris bu məsələ ilə bağlı qəti mövqe bildirməkdən çəkinib.
“Qulaq asın, ola bilər. Bu barədə düşünürəm”, - deyə Harris cavab verib.
Harris Ağ Evdəki təcrübəsinə də toxunaraq, 2021-2025-ci illərdə ABŞ prezidenti Co Baydenin vitse-prezidenti kimi fəaliyyət göstərdiyini xatırladıb:
“Dörd il xidmət etdim və prezidentlikdən cəmi bir addım uzaqda idim. Qərb Qanadında, Oval Ofisə yaxın məsafədə saysız-hesabsız saatlar keçirmişəm. Bu işin nə tələb etdiyini yaxşı bilirəm”.
Qeyd edək ki, Harris 2024-cü il prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi ABŞ tarixində böyük partiyadan dəstək alan ilk qaradərili və Cənubi Asiya mənşəli qadın olub.
Lakin onun namizədliyi qeyri-adi şəraitdə irəli sürülmüşdü. Seçki ilində keçirilən ilk böyük debat zamanı Baydenin zəif çıxışı Demokratlar arasında narahatlıq yaratmış və onun yarışdan çəkilməsi tələblərinə səbəb olmuşdu. Nəticədə, Bayden 2024-cü ilin iyul ayının sonlarında namizədliyini geri götürərək Harrisi dəstəkləmişdi. Harris ilkin seçkilərdə iştirak etməsə də, qısa müddətdə partiyanın rəsmi namizədi olmuşdu.
Seçkilərin nəticələrinə əsasən, Donald Tramp 312 Seçki Kolleci səsi qazanaraq Harrisi (226 səs) qabaqlayıb. Xalq səsverməsində isə fərq daha az olub: Tramp 49,8 faiz, Harris isə 48,3 faiz səs toplayıb.
Tədbirdə Harrisi təqdim edən Şarpton onun siyasi karyerası boyunca çətinliklərlə üzləşdiyini vurğulayaraq, seçicilərin 2024-cü ildə ona daha çox dəstək verməli olduqlarını bildirib:
“O, şübhələrlə üzləşməyə öyrəşmişdi və bunu sakit qarşılayırdı. Biz isə daha emosional idik”.
Şarpton qeyd edib ki, Harris 2024-cü ildə 75 milyondan çox səs toplayaraq yüksək nəticə əldə edib və bu göstəriciyə görə Barak Obama və Bill Klinton kimi siyasətçiləri də geridə qoyub.
Konfransda Harris 2028-ci il üçün potensial namizədlərdən yalnız biri olub. Demokratlar arasında digər mümkün namizədlər kimi İllinoys qubernatoru J. B. Pritzker, Pensilvaniya qubernatoru Conş Shapiro və keçmiş nəqliyyat katibi Pete Buttigiegin də adları hallanır.
Harris çıxışında Tramp administrasiyasını da tənqid edib. O, ABŞ və İsrailin İrana qarşı siyasətini “seçim müharibəsi” adlandıraraq, Trampı xarici siyasətdə müttəfiqlərlə münasibətləri zəiflətməkdə ittiham edib:
“Amerika tərəfdaşlarına dəstək verən güc olmaqdan uzaqlaşır”.
Sonda Harris 2028-ci il namizədliyi ilə bağlı fikirlərini yenə də açıq saxlayıb:
“Mən bu məsələyə yalnız bir prizmadan baxıram: Amerika xalqı üçün ən yaxşı işi kim, harada və necə görə bilər? Bu barədə düşünürəm və vaxtı gələndə qərarımı açıqlayacağam”.
E. Kamal