Advert
Advert

Karapetyan Paşinyanı yenidən ittiham edir

Tarix:
Karapetyan Paşinyanı yenidən ittiham edir
Reklam

“Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi, özünü sahibkar və xeyriyyəçi kimi təqdim edən Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Pashinyanı halüsinasiya yaradan göbələklərdən istifadə etməkdə ittiham edib.

Reyting.az xəbər verir ki, daha çox Rusiyaya yaxın şəxs kimi təqdim olunan Karapetyan Paşinyanın onu “siyasi axmaq” adlandırmasına və əmlakını müsadirə edəcəyi ilə bağlı açıqlamalarına cavab verib.

Karapetyan bir “sirri” açıqlamaq istədiyini də bildirib:

“Paşinyan ötən il Çinə səfəri zamanı oradakı göbələk restoranlarına gedib. Həmin göbələklər insanlarda halüsinasiyalara səbəb olur. O, bu göbələkləri sınaqdan keçirib, bəyənib və özü ilə də gətirib”.

Onun sözlərinə görə, Paşinyan parlamentdə keçirdiyi brifinqlər və çıxışlardan əvvəl həmin göbələklərdən istifadə edir, daha sonra isə “fantaziyalarını ortaya qoyur”.

“Bunlar göbələklərin təsirinin nəticəsidir. Onu ciddi qəbul etməyin. Hər şey əvvəlki kimi davam edir. O, zaman təzyiqi altındadır. Xalq iyunun 7-də qərarını verəcək. Mən onun fantaziyaları barədə şərh verməyəcəyəm. O, bunları 30 gün danışacaqsa, mən hər gün cavab verməliyəmmi?”- deyə Karapetyan bildirib.

Göbələklərin təsir müddətindən danışan Karapetyan onları heç vaxt sınamadığını desə də, təsirin istifadədən dərhal sonra başladığını iddia edib.

Qeyd edək ki, “halüsinogen” termini insanın beyin fəaliyyətinə təsir göstərərək reallığı təhrif olunmuş şəkildə qavramasına səbəb olan maddələr üçün istifadə edilir.

E. Kamal
 

Reklam