Böyük Britaniyanın istefa verən Baş naziri Keir Starmerin 2028-ci ildə NATO-nun baş katibi vəzifəsinə namizəd olmağı nəzərdən keçirdiyi bildirilir.
Reyting.az xəbər verir ki, bu barədə "The Observer" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hazırda NATO-ya rəhbərlik edən Niderlandın keçmiş Baş naziri Mark Ruttenin səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifənin boşalacağı gözlənilir və Starmer həmin posta maraq göstərə bilər.
Qeyd olunur ki, Starmerin bu planını reallaşdırması üçün Böyük Britaniya hökumətinin davamlı dəstəyi vacib olacaq. Məqalədə həmçinin bildirilir ki, onun tərəfdarları Starmerin G7 ölkələrinin liderləri arasında yüksək nüfuza malik olduğunu vurğulayırlar. Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenski ilə münasibətlərinin olduqca yaxın olduğu qeyd edilir.
Xatırladaq ki, iyunun 22-də K. Starmer Leyboristlər Partiyasının lideri və Baş nazir vəzifəsindən istefa verəcəyini açıqlayıb. Onun müəyyən etdiyi təqvimə əsasən, iyulun 9-da partiya liderliyinə namizədlərin irəli sürülməsinə başlanılacaq. Qalib gələn namizəd avtomatik olaraq Baş nazir postunu tutacaq və parlament üzvlərinin yay tətilindən qayıtmasından əvvəl - sentyabrın 1-də vəzifəsinin icrasına başlamalıdır.
Hazırda Böyük Mançesterin keçmiş meri Endi Börnhem partiya liderliyinə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edən yeganə siyasətçidir.
E. Kamal