Advert
Advert

Keçmiş komitə sədrinin köməkçisi Avropa Məhkəməsinə şikayət edib

Tarix:
Keçmiş komitə sədrinin köməkçisi Avropa Məhkəməsinə şikayət edib
Reklam

Dövlət Gömrük Komitəsində (DGK) müxtəlif yüksək vəzifələrdə çalışan, o cümlədən komitənin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olmuş Həbib Bağırlı Avropa Məhkəməsinə şikayət edib.

Reyting.az Gununsesi.info-ya istinadla xəbər verir ki, təqaüdddə olan polkovnik Həbib Bağırlının şikayəti üzrə kommunikasiya başlayıb və Azərbaycana sorğu göndərilib. Şikayətin mahiyyəti bank borcuna görə Həbib Bağırlının ölkədən çıxışına yerli məhkəmələr tərəfindən qadağa qoyulması ilə bağlıdır. O, ərizəsində qadağanın qanunsuz olduğunu, ölkədaxili məhkəmələrdə bu işə ədalətli baxılmadığını qeyd edib.

46 yaşlı Həbib Bağırlının ölkədən çıxışına 2024-cü ildə məhkəmə qərarı ilə qadağa qoyulub. Həmin ilin noyabrında ölkə daxilində yekun qərarla Bakı Apellyasiya Məhkəməsi bunu təsdiqləyib. Bundan sonra polkovnik Avropa Məhkəməsinə ərizə göndərərək, hərəkət azadlığının və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayətlənib.

Həbib Bağırlının banklardan birinə 400 min manatdan çox borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi borcun ödənilməsi barədə qərar çıxarıb. O, təxminən 100 min manat ödəniş edib.

Nərimanov rayon İcra və Probasiya Şöbəsi Həbib Bağırlının ölkədən çıxışına qadağa qoyulması ilə kifayətlənməyib. Qalan məbləğin ödənilməməsi məhkəmə qərarının icra olunmaması kimi qiymətləndirilib.

2026-cı ilin əvvəlində polkovnikin İnzibati Xətalar Məcəlləsinin 528.1-1 (məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbinin yerinə yetirilməməsi – qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməyə görə) maddəsilə cəzalandırılması üçün məhkəməyə təqdimat verilib. Fevralda məhkəmənin qərarı ilə Həbib Bağırlı 15 sutka inzibati qaydada həbs olunub.

Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin o vaxtkı sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunandan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib.

Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı dövrdə “Dövlət qulluğunda fərqlənməyə görə” və başqa mükafatlara layiq görülüb.

Reklam