Advert
Advert

Keçmiş müdafiə nazirinə cinayət işi açılıb

Tarix:
Keçmiş müdafiə nazirinə cinayət işi açılıb
Reklam

Rusiya Baş Prokurorluğu Krımla bağlı açıqlamalarına görə Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesə qarşı cinayət işi qaldırıb.

Reyting.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, 2019-cu ilin iyulundan 2023-cü ilin avqustunadək Böyük Britaniyanın müdafiə naziri vəzifəsində çalışmış Ben Uollesə qarşı ittiham aktı təsdiqlənib.

Rusiya Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, Uolles Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi - informasiya və telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terror fəaliyyətinə açıq çağırışlar etmək maddəsi ilə qiyabi olaraq ittiham olunur.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün İkinci Qərb Dairə Hərbi Məhkəməsinə göndərilib.

İstintaqın versiyasına görə, Ben Uolles 2025-ci ilin sentyabrında Polşada keçirilən Varşava Təhlükəsizlik Forumu zamanı çıxışında Ukraynaya uzaqmənzilli raketlərin verilməsini dəstəkləyən və Krım körpüsünə zərbələrin endirilməsinə çağırış kimi qiymətləndirilən bəyanatlar səsləndirib. Rusiya tərəfi həmin açıqlamaların Krım ərazisində mülki əhalinin yaşayış şəraitinin pozulmasına yönəldiyini iddia edir.

Baş Prokurorluğun məlumatına görə, bu çıxışın videoları sonradan müxtəlif videoplatformalarda, mesajlaşma tətbiqlərində və xəbər saytlarında yayılıb.

Qurumun açıqlamasında qeyd olunur ki, Ben Uolles istintaqdan yayındığı üçün beynəlxalq axtarışa verilib. Məhkəmə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib. İstintaq orqanları təqsirləndirilən şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətlərin tamamlandığını bildiriblər.

Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu ittiham üzrə 300 min rubldan 1 milyon rubla qədər cərimə və ya müəyyən vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

E. Kamal
 

Reklam