“Rusiya Baltikyanı ölkələrə hücum etməyə cəsarət etməyəcək, çünki Alyansla toqquşma halında uğursuzluğun qaçılmaz olduğunu anlayır”.
Reyting.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı, Aleksus Qrinkeviç bildirib.
General qeyd edib ki, o, kəşfiyyat məlumatlarını daim təhlil edir və Kremlin Qərblə birbaşa hərbi münaqişə axtardığını göstərən heç bir əlamət görmür.
“Rusiya münaqişə axtarmır. Onlar “müdafiə ittifaqı” anlayışını başa düşür və bir sıra asimmetrik üstünlüklərimizin olduğunu anlayırlar”, - deyə general vurğulayıb.
General Qrinkeviçin bu mövqeyi Avropa müttəfiqləri arasında qitədə Amerika hərbi mövcudluğunun mümkün azalması ilə bağlı narahatlıqlar fonunda səslənib.
“Financial Times”-ın məlumatına görə, Vaşinqton bəzi bölmələrin ehtiyatda saxlanılacağı və 10, 30 və ya 180 gün ərzində yerləşdirilməyə hazır olacağı modeli nəzərdən keçirir.
Baltikyanı ölkələrdə bunun çəkindirmə sistemində boşluqlar yarada biləcəyindən narahatdırlar. Lakin Qrinkeviç hesab edir ki, mövcud təhlükəsizlik modelinin möhkəm qalması vacibdir.
General əlavə edib ki, NATO-nun əsas məqsədi istənilən Rusiya hücumunu qəbuledilməz dərəcədə baha başa gətirməkdir:
“Məqsəd Rusiyanın başa düşməsidir ki, əgər onlar Baltikyanı ölkələrdə nəsə etməyə cəhd göstərsələr, uğur qazana bilməyəcəklər. Uğur qazana bilməyəcəklərini bildikləri üçün belə bir riskə də getməyəcəklər”.
Qrinkeviç həmçinin Alyans qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğuna əminliyini ifadə edib.
E. Kamal