Məşhur Hollivud kino aktyoru və komediya ustası Cim Kerri 2000-ci ildə lentə alınmış "Qrinç-Milad oğrusu" filminin 2026-cı ildə çəkiləcək yeni davamında Qrinç obrazı ilə növbəti dəfə böyük ekranlara dönəcək.
Reyting.az-ın məlumatına görə, "The Hollywood Reporter" nəşri yazır ki, bununla bağlı müzakirələr hələ də davam edir.
Bildirilir ki, artıq yeni ekran əsərinin üzərində işləyəcək rejissorun adı məlum olub. Məlumata görə, kino ulduzunun baş rol alacağı bu yeni komediya filminin rejissoru Ron Hovard olacaq. Prodüser kimi onun Brian Qrazer ilə birlikdə layihədə iştirak edəcəyi də artıq öz təsdiqini tapıb.
Xatırladaq ki, bu orijinal film 2000-ci ilin ən uğurlu ekran işlərindən biri olmaqla, dünya üzrə 350 milyon dollardan çox kassa gəliri əldə etmiş, ən yaxşı qrim nominasiyası üzrə ABŞ Kino Akademiyasının nüfuzlu "Oskar" mükafatı qazanmışdı.
Bununla bağlı aktyor bildirib ki, onun Qrinç obrazının qrim prosesi olduqca çətin olub. Cim Kerrinin söylədiyinə görə, hər gün onun qrimə hazırlanması təxminən səkkiz saat vaxt tələb edib.
Aktyor hətta belə bir etiraf da etmişdi ki, ilk çəkiliş günündən sonra o, roldan imtina etməyi düşünüb, lakin bütün çətinliklərin öhdəsindən gəlməyi bacarıb və çəkiliş meydançasını tərk etməyib.
Bu il çəkilişi nəzərdə tutulan "Qrinç - Milad oğrusu" adlanan filmin yeni bölümü "Universal Pictures" kino studiyası və "Imagine Entertainment" şirkətinin birgə iştirakı ilə istehsal ediləcək.
Oqtay Qorçu