Norveç Kralı V Harald və vəliəhd şahzadə Haakon, Haakonun həyat yoldaşı vəliəhd şahzadə Mette-Maritın oğlu Marius Borq Höybiyə (Marius Borg Høiby) verilən hökmü şərh etməkdən imtina ediblər.
Reyting.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Marius Borq Höybi təcavüz, fiziki zorakılıq və digər cinayətlərdə təqsirli bilinərək dörd ilədək həbs cəzasına məhkum edilib. Bildirilir ki, təcavüz hadisələrindən biri gələcək kralın iqamətgahında baş verib.
“BBC News”-un sorğusuna cavab olaraq Norveç kral ailəsinin sözçüsü məhkəmə qərarı ilə bağlı heç bir şərh verilməyəcəyini bildirib.
Norveç İdarəetmə Məktəbinin reputasiya məsələləri üzrə eksperti Peqqi Simçiç Brennin sözlərinə görə, Norveç monarxiyası hazırda ciddi böhran yaşayır.
“Borq Höybi ilə bağlı hadisə hər bir ailə üçün faciə və böhran hesab oluna bilər”, - deyə o bildirib.
Norveçin “Se og Hør” nəşrinin kral ailəsi üzrə köşə yazarı Karolin Vaqle hesab edir ki, Höybinin məhkəməsi kral ailəsinə ictimai münasibətə əhəmiyyətli təsir göstərib. Bununla belə, o qeyd edib ki, ictimaiyyətin diqqəti daha çox hökmə deyil, yaxın vaxtlarda ağır əməliyyat keçirmiş Mette-Maritın səhhətinə yönəlib.
V. Quliyev