Rusiya, xüsusən də tərəfdaşları üçün etibarlı enerji təchizatçısıdır. Lakin, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq qərarına gələrsə, İrəvana hazırki güzəştli qaz qiyməti bazar əsasında formalaşmağa başlaya bilər.
Reyting.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyindən Rusiya qazı və enerjisi üçün çox cəlbedici, güzəştli qiymət barədə açıqlamalar eşidilib. “Bu, həqiqətən də doğrudur - Rusiya bütün ölkələr, xüsusən də ən yaxın müttəfiqləri və tərəfdaşları üçün etibarlı və məsuliyyətli enerji təchizatçısı olaraq qalır”, - deyə Kremlin sözçüsü əlavə edib.
Peskov qeyd edib ki, belə bir rejim digər inteqrasiya təşkilatlarının iştirakçıları, əlbəttə ki, Avropa Birliyi üçün mümkün deyil: “Oradakı qiymət tamamilə fərqlidir - bazar əsaslıdır. İrəvandakı dostlarımız da bunu çox yaxşı bilirlər”.
Peskov “iqtisadi inteqrasiya yolunun seçilməsini açıq sual” adlandırsa da, xatırladıb ki, Moskvaya səfəri zamanı Baş nazir Paşinyan Ermənistanın AİB-nin tamhüquqlu üzvü olaraq qaldığını, eyni zamanda xarici siyasətinin digər sahələrində, xüsusən də Avropa ilə münasibətləri inkişaf etdirdiyini söyləyib.
“Və Paşinyanın o zaman izah etdiyi kimi, bir məqamda yekun qərar verilməli olacaq - və bu, referendum yolu ilə ediləcək. Başqa sözlə, danışan erməni xalqı olacaq”, - deyə Rusiya liderinin mətbuat katibi yekunlaşdırıb.
N. Orucov