Advert
Advert

Krım yeni müharibə meydanına çevrilib

Tarix:
Krım yeni müharibə meydanına çevrilib
Reklam

Ukrayna 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımı yeni müharibə meydanına çevirib. Hazırda hər gün yüzlərlə dron Krımın enerji və yanacaq infrastrukturuna hücum edir.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, hazırda Krımda mütəmadi hava hücumu siqnalları səslənir, elektrik enerjisində fasilələr yaranır və benzinin qiyməti kəskin bahalaşır.

Məlumata görə, Ukrayna dronlarının yaratdığı blokada yarımadanı Rusiyanın təchizat xətlərindən qismən təcrid edib və minlərlə sakin, eləcə də turist Kerç körpüsü vasitəsilə Krımı tərk edir.

Ukrayna qüvvələrinin hücumları Krımda gündəlik həyatı ciddi şəkildə pozub və Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı imperiya ambisiyalarına zərbə vurub. Krım sakinləri uşaq bağçaları, tullantıların yığılması və bankomatlar kimi vacib xidmətlərin fəaliyyətində ciddi problemlər yarandığını bildirirlər.

Sevastopol sakini deyib ki, bir neçə gündür şəhərdə elektrik enerjisi yoxdur. Fövqəladə vəziyyət səbəbindən mağazalar saat 20:00-da bağlanır. Elektrik enerjisinin kəsilməsi nəticəsində soyuduculardakı məhsullar xarab olduğundan bir çox mağaza fəaliyyətini tamamilə dayandırıb.

"Sevastopolda vəziyyət xüsusilə ağırdır. Mağazaların əksəriyyəti bağlıdır. Nağd pul çıxarmaq mümkün deyil. İctimai nəqliyyatın fəaliyyəti isə çox zəif və məhduddur",- deyə o bildirib.

Ən çox zərər çəkən sahələrdən biri Krımın turizm sektorudur. Rusiya Tur Operatorları Assosiasiyası bildirib ki, yay mövsümünün ilk həftələrində Krıma sifarişlər iki dəfəyədək azalıb və bu göstəricinin daha da pisləşəcəyi istisna olunmur.

Krıma çata bilən turistlər fəaliyyətdə olan azsaylı yanacaqdoldurma məntəqələrini axtarmağa və ya yanacağı qara bazardan almağa məcbur qalırlar.

Moskvadan olan bir turist bildirib ki, avtomobilini qara bazarda yanacaq satan şəxsdən litrini 500 rubla doldurub. Bu qiymət bazardakı orta göstəricidən təxminən altı dəfə bahadır.

Qeyd edək ki, bazar günü Rusiya Prezidenti Vladimir Putin Krımın enerji infrastrukturunda yaranan problemləri etiraf edərək bildirib ki, hökumət quru və ya dəniz yolu ilə həyata keçiriləcək təchizat vasitəsilə çatışmazlıqları kompensasiya etməyə çalışacaq.

Lakin hələlik Krım sakinləri mövcud problemlərlə təkbaşına mübarizə aparmağa məcburdurlar.

Y. Qacar
 

Reklam