Advert
Advert

Krımda böhran dərinləşir: Körpülər vurulur, turistlər gəlmir

Tarix:
Krımda böhran dərinləşir: Körpülər vurulur, turistlər gəlmir
Reklam

“Müvəqqəti işğal altında olan Krımda son günlər logistika ilə bağlı vəziyyət xeyli mürəkkəbləşib. Krım körpüsündən yalnız avtobus və minik avtomobillərinin keçidinə icazə verilir. Elektrikli nəqliyyat vasitələrinin isə həm Krım körpüsündən, həm də bərə keçidindən istifadəsi qadağandır”.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Krım Muxtar Respublikası üzrə daimi nümayəndəsinin müavini Denis Çistikov bildirib.

Ukraynanın Xerson və Zaporojye vilayətləri arasındakı sərhəd-keçid məntəqələrinin fəaliyyətinə gəlincə, Denis Çistikov deyib ki, ötən gecə Çonqar körpüsünə yenidən pilotsuz uçuş aparatları ilə zərbə endirilib:

“Körpü yenidən zədələnib və nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda bütün nəqliyyat vasitələri Armyansk və Perekop keçid məntəqələri vasitəsilə yönləndirilir”.

Onun sözlərinə görə, Krım körpüsü yaxınlığında da nəqliyyat vasitələrinin uzun növbələri müşahidə olunur. Son həftələr ərzində Krımda hər gün saat 21:00-dan sonra pilotsuz uçuş aparatlarının hücumları başlayır və səhərədək davam edir. Bu müddətdə körpü nəqliyyatın hərəkəti üçün bağlanır ki, bu da əlavə sıxlıq və növbələrin yaranmasına səbəb olur. Oxşar vəziyyət bərə keçidlərində də müşahidə edilir.

Çistikov qeyd edib ki, bütün bu problemlər fonunda Krıma turist axını Rusiyanın gözləntilərindən xeyli aşağıdır. Bununla belə, yerli sakinlər turistləri yarımadada istirahətin təhlükəsiz olduğuna inandırmağa çalışırlar.

“Turizm müvəqqəti işğal altında olan Krımda fəaliyyətini davam etdirən kiçik və orta sahibkarlar üçün əsas gəlir mənbəyidir. Burada sosial vauçer proqramlarını da qeyd etmək lazımdır. Krımdakı kurort və istirahət düşərgələrinin əksəriyyəti artıq sosial cəhətdən həssas əhali qruplarına və hərbi qulluqçuların ailə üzvlərinə təqdim olunan pulsuz vauçerlər hesabına fəaliyyət göstərir”, – deyə o əlavə edib.

Çistikovun sözlərinə görə, Rusiya hakimiyyəti Krımda, xüsusilə də “Artek” düşərgəsində qalmağın təhlükəsiz olduğunu nümayiş etdirmək məqsədilə uşaqlardan təbliğat vasitəsi kimi istifadə etməyə çalışır.

“Onlar müvəqqəti işğal altında olan Krımın təhlükəsizliyini nümayiş etdirmək üçün uşaqlardan fəal şəkildə istifadə edirlər. Məqsəd odur ki, uşaqlar evə qayıtdıqdan sonra gördüklərini valideynlərinə və yaxınlarına çatdırsınlar. Lakin bu il vəziyyət xeyli dəyişib. İşğalçı hakimiyyət turizm mövsümü ilə bağlı ciddi problemlərlə üzləşdiyindən əvvəlki təbliğat üsulları da effekt vermir”, - deyə Çistikov vurğulayıb.

V. Quliyev

Reklam