Çində humanoid robotlar küçələrdə dilənçi obrazında görünməyə başlayıb.
Reyting.az-ın məlumatına görə, Pekin, Çendu və Fuçjou şəhərlərində müşahidə olunan bir neçə robot başlarını aşağı salaraq dilənçi kimi oturur.
Robot “dilənçilərin” yanındakı lövhələrdə insanlara müraciətlər yer alıb: “Zəhmət olmasa, mənim elektrik hesabımı ödəyin” və ya “Telefonumun enerjisini doldurmağa pulum yoxdur”.
Məlumata görə, bu cür müasir robot dilənçilərə ödəniş etmək istəyənlər üçün hətta QR-kodlar da təqdim olunur.
Lakin sosial şəbəkələrdə ilk dəfə Çində qeydə alınan bu qeyri-adi görüntülər geniş müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb. Bəzi istifadəçilərin fikrincə, bu eksperiment müasir texnologiyanın yeni mərhələsinin nümayişi kimi zarafatla qəbul edilməlidir. Digərləri isə bunun reklam kampaniyası və ya yeni incəsənət layihəsi olduğunu düşündüklərini bildiriblər.
Fərqli mövqe sərgiləyən digər izləyicilər isə bu cür robot “dilənçilərin” mənfi nümunə olduğunu qeyd ediblər.
Mütəxəssislərin sözlərinə görə, maraqlı məqamlardan biri də küçələrdə görünən robotlar arasında “Unitree” şirkətinin bahalı “G1” və “H2” humanoid modellərinin yer almasıdır.
Məhz buna görə ekspertlər hesab edirlər ki, əsas məqsəd pul toplamaq deyil, insanların diqqətini cəlb etmək, maraq dairəsini genişləndirmək və robotların gündəlik həyata getdikcə daha çox inteqrasiya olunmasına diqqət yönəltməkdir.
Oqtay Qorçu