İcra hakimiyyəti orqanlarında struktur dəyişiklikləri ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.
Reyting.az-ın məlumatına görə, aparılan struktur dəyişikliyi ilə əlaqədar 53 vəzifə ləğv edilib.
İcra başçısı Rəşad Tağıyevin sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Vəzifələri ləğv edilənlərdən 7 nəfər müvafiq icra hakimiyyətinin əlaqədar qurumlarında işlə təmin olunsa da, 46 nəfər ehtiyat kadr siyahısında qalıb.
Məlumata görə, vəzifələrini itirənlərdən 48 nəfəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin 44 əməkdaşı, Bərdə Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Ağdam Rayon İcra Hakimiyyətindən isə 54 nəfər vəzifələrindən azad ediliblər.(Oxu.Az)