“Mələkbənzər bacım, xalqımızın dərdinə yanan, problemlərinə həssas yanaşan, xəstələrin şəfa tapmasına çalışan sevimlimiz Leyla xanım və bacısı Arzu Əliyeva bu gün Şəki şəhərinə səfərləri çərçivəsində Xan məscidini də ziyarət ediblər. Bu, dindarlarda fərəh hissi, yüksək əhvali-ruhiyyə yaradır və bizi çox sevindirir. Mən xəstə halımla, artıq görmə qabiliyyətini itirmək üzrə olan gözlərimlə Gəncə “İmamzadə” ziyarətgahında bu xanımlara, onların ailə üzvlərinə və yaxınlarına dua etdim və dualarımı davam etdirəcəyəm. Allah onları qorusun!”
Bu sözləri Reyting.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və bacısı Arzu Əliyevanın Şəkidə Xan məscidini ziyarət etmələrinə münasibət bildirərkən deyib.

Hacı Tahir Abbasov
Din xadimi qeyd edib ki, dövlət başçısının ailə üzvlərinin tez-tez müqəddəs məkanları ziyarət etməsi onların dini dəyərlərə və inanclı insanlara olan diqqət və qayğısının göstəricisidir:
“Leyla xanım da valideynləri kimi Bakı, Gəncə, Qarabağ, Şəki, Quba və digər bölgələrdəki məscid və ziyarətgahları mütəmadi ziyarət edir, onlara diqqət və qayğı göstərir. Bu da bizi sevindirir. Mən Leyla və Arzu xanımlara həm öz adımdan, həm dindarlar adından, həm də elim-obam adından təşəkkür edir, dualar edirəm.

Onu da qeyd edim ki, Leyla Əliyevanın Gəncədəki Şah Abbas məscidində ibadət etməsi, eləcə də uşaq evlərindəki balalara göstərdiyi diqqət və qayğı hələ də şəhərimizdə minnətdarlıqla xatırlanır”.
Hacı Tahir Abbasov əlavə edib ki, Leyla və Alyona Əliyevanın Gəncədəki Şah Abbas məscidinə səfərindən sonra məscidin bərpası üçün dövlət tərəfindən vəsait ayrılıb:
“Onların Şah Abbas məscidini ziyarət etməsi və dövlət başçısının məscidin təmirinə vəsait ayırması həm inanclı insanlar, həm də Gəncə sakinləri tərəfindən böyük sevinclə qarşılandı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da vaxtilə Gəncə “İmamzadə” ziyarətgah kompleksini ziyarət ediblər. Sonradan ziyarətgah əsaslı şəkildə bərpa olunub. Bu addım bizdə mənəvi rahatlıq yaradıb və böyük sevincə səbəb olub.
Mehriban xanım da müqəddəs məkanlara xüsusi diqqət və qayğı göstərir. Bu, onun müqəddəs Peyğəmbər soyundan olmasının nişanəsidir .

Allah Ulu Öndərə rəhmət eləsin! Ulu Öndər Heydər Əliyev Bakıya ikinci qayıdışından sonra ilk addımlarından birini Bibiheybət məscidinin bərpası ilə atmışdı. Belə bir nəslin davamçıları bu gün də Allah evlərinə diqqət və qayğılarını əsirgəmirlər. Mən bir daha dindarlar adından bu ailəyə təşəkkür edir, Uca Allaha dualar edirəm”.

E. Quliyev