Azərbaycanda kitabxana sisteminin mövcud vəziyyəti acınacaqlıdır. Bir çox kitabxanaların yerləşdiyi binalar satılıb, təyinatı dəyişdirilib. Artıq onların yerində ictimai iaşə müəssisələri və mağazalar fəaliyyət göstərir. Kitabxanaların bağlanması və ya təyinatının dəyişdirilməsi cəmiyyətin intellektual inkişafına mənfi təsir göstərir.
Kitabxanalar insanların bilik əldə etməsi, mütaliə vərdişlərinin formalaşması və mədəni səviyyəsinin yüksəlməsi üçün mühüm məkanlardır. Onların yerində ticarət və ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi kitabın və təhsilin təbliğini zəiflədir. Bu proses xüsusilə gənc nəslin mütaliəyə marağının azalmasına və informasiya mənbələrinə çıxış imkanlarının məhdudlaşmasına səbəb olur. Nəticədə, kitabxana sisteminin zəifləməsi uzunmüddətli perspektivdə savadlı və maarifli cəmiyyətin formalaşmasına mənfi təsir göstərir.
Bəzi ekspertlər onlayn kitabların kitabxanaları əvəz etdiyini iddia etsələr də, bu yanaşma tam doğru deyil. Kitabxana yalnız kitab saxlanılan yer deyil, həm də insanların öyrəndiyi, araşdırma apardığı və mədəni ünsiyyət qurduğu ictimai məkandır. Elektron kitablar məlumat əldə etməyi asanlaşdırsa da, ənənəvi kitabxanaların yaratdığı mütaliə mühitini və sosial funksiyanı tam əvəz edə bilmir. Necə ki, onlayn alış-verişə baxmayaraq insanlar hələ də mağazalara üstünlük verirlər, kitab oxucuları da kitabxanalara ehtiyac duyurlar. Buna görə də rəqəmsal resurslarla yanaşı, ənənəvi kitabxanaların qorunması və inkişaf etdirilməsi vacibdir.

Xatırladaq ki, iyunun 10-da Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib. Müzakirələrdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, deputatlar, bir sıra dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin sahə üzrə ekspertlər iştirak ediblər.
Polad Bülbüloğlu Mədəniyyət Nazirliyi sistemindəki kitabxanaların mövcud vəziyyəti ilə bağlı dinləmənin keçirilməsinin əhəmiyyətini vurğulasa da, problemin həlli müzakirələrdən daha çox təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Mədəniyyət naziri Adil Kərimli əvvəlki nazirlər kimi problemə göz yummamalı, kitabxana sisteminin tamamilə sıradan çıxmasına imkan verməməlidir.
Reyting.az-ın xəbərinə görə, Milli Məclisin keçmiş üzvü, təhsil eksperti Etibar Əliyev “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai müzakirələrə münasibət bildirərkən sosial şəbəkə hesabında qeyd edib ki, Sovet İttifaqı dövründə Bakıda kitab mağazalarının sayı təxminən 160-a çatır, 60 kitab köşkü fəaliyyət göstərirdi. Hazırda isə Bakıda fəaliyyət göstərən kitab mağazalarının sayı cəmi 8-10 arasındadır.
Onun sözlərinə görə, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə kitab mağazalarının və kitabxanaların sayından danışmaq belə çətindir. Kənd və rayonlarda isə demək olar ki, kitab mağazası yoxdur.
“Sovet dövründə kifayət qədər kitab mağazası olan Bakıda bu gün ixtisaslaşmış kitab mağazaları demək olar ki, qalmayıb. Kitab mağazası olan məkanların əksəriyyəti profilini dəyişib. İndi həmin yerlərdə ya geyim, ya da ərzaq malları satılır”, - deyə o bildirib.

Etibar Əliyevin sözlərinə görə, vaxtilə ən böyük kitab satışı məkanlarından olan “Kitab Passajı” və “Kitab Evi” bağlanıb. Neftçilər prospektində yerləşən dünya səviyyəli “Abunə” kitab mağazasının yeri isə satılıb.
“Azərkitab” Kitab-Ticarət Birliyi də ləğv edildi. Əli Həsənov əmtəəşünası işləmiş kirvəsi Əlvan Əliyevi bu quruma rəhbər təyin etdirdikdən sonra kitab mağazaları sürətlə yox olmağa başladı”, - deyə ekspert qeyd edib.
Təhsil eksperti əlavə edib ki, Sovet dövründə, xüsusilə 1970-1980-ci illərdə Azərbaycanda kitabxana şəbəkəsi çox geniş idi. Həmin illərdə ölkədə ümumilikdə təxminən 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. Bu kitabxanaların fondlarında 38 milyondan çox nüsxə ədəbiyyat saxlanılırdı.
E. Əliyev xatırladıb ki, Sovet hakimiyyəti illərində kitabxanalar mərkəzləşdirilmiş, kənd və qəsəbələrdə çoxlu sayda yeni kitabxana açılmışdı. Məsələn, 1969-1980-ci illər ərzində respublikada 1155 yeni kitabxana tikilmişdi.
“Müstəqillik illərində, xüsusilə 1990-cı illərdən sonra kitabxanaların yerləşməsinə yenidən baxılıb və bəzi oxucusuz kitabxanalar bağlanıb. Hazırda ölkədə kütləvi kitabxanaların sayı təxminən 2900-dür. Onların da böyük əksəriyyətində fəaliyyət şəraiti acınacaqlıdır.
Kitabxanalar və kitab mağazaları cəmiyyətin mədəniyyət göstəricisidir. Bu sadə həqiqəti Polad Bülbüloğlu və Əbülfəz Qarayev (Keçmiş mədəniyyət nazirləri-red.) başa düşmədilər.
Bu şəxslər Səttar Bəhlulzadə adına möhtəşəm Sərgi Salonunu kimyəvi təmizləmə şəbəkəsinə satdılar. Salonun girişində məşhur polşalı heykəltəraşlardan birinin müəllifi olduğu tuncdan hazırlanmış “Göyərçinlər” barelyefi yerləşirdi. Deyilənə görə, Heydər Əliyev bu əsəri böyük çətinliklə Polşadan gətizdirmişdi. Barelyefə baxanlarda sanki göyərçinlərin havaya qalxdığı təəssüratı yaranırdı. Lakin əsər sökülərək məhv edildi. Onun sonrakı taleyi barədə isə məlumat yoxdur.
“Səadət” Sarayının əsas giriş qapısının hər iki tərəfində üz-üzə baxan iki timsah barelyefi var. İtalyan heykəltəraşın yaratdığı bu əsərlər o qədər canlı təsir bağışlayırdı ki, sanki timsahlar indicə sudan çıxmışdı. Təmir zamanı isə heç bir sənətşünasın, heykəltəraşın, rəssamın və ya memarın rəyi alınmadan həmin əsərlər adi fəhlələrin müdaxiləsi nəticəsində zədələndi.
Bir neçə minillik tarixə malik Kolizey və ya eramızın V əsrində Afina Akropolunda inşa edilmiş Parfenon bu günə qədər qorunub saxlanılıb. Onları necə qoruyublar? Biz isə bu təcrübədən faydalanmaq əvəzinə tarixi-mədəni irsimizə laqeyd yanaşırıq”.
E. Əliyev sonda bildirib ki, kitab mağazaları və kitabxanaların bağlanması narahatlıq doğur.
Y. Qacar