Nyu-Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsi bir neçə ştat və şirkətin qlobal gömrük tariflərinə etiraz etdiyi iddia üzrə qərarını açıqlayıb.
Reyting.az xəbər verir ki, Beynəlxalq Ticarət Məhkəməsinin qərarında 20 fevral 2026-cı il tarixli Prezident fərmanı - “Əsas beynəlxalq ödəniş problemlərini həll etmək üçün idxala müvəqqəti əlavə rüsum tətbiq edilməsi” - qanunsuzluq səbəbindən etibarsız elan olunub.
Məhkəmə, Vaşinqton ştatı, eləcə də “Burlap and Barrel” və “Basic Fun” şirkətlərinə qarşı fərmanın icrasının dayandırılmasını əmr edib. Bundan əlavə, 122-ci maddəyə əsasən, bu iddiaçılar tərəfindən ödənilən gömrük rüsumlarının qanuni faizlərlə birlikdə geri qaytarılması barədə qərar verilib.
Qeyd edək ki, 20 fevralda ABŞ Ali Məhkəməsi Donald Tramp tərəfindən qəbul edilən tariflərin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununun (IEEPA) Prezidentə tariflər tətbiq etmək səlahiyyəti vermədiyinə qərar vermişdi. Elə həmin gün, Ali Məhkəmənin tariflərlə bağlı qərarından sonra Tramp artıq qüvvədə olan tariflərə əlavə olaraq 10 faiz qlobal tarif tətbiq etmək üçün bir sərəncam imzalayacağını bildirmişdi.
İmzalanan bəyannamədə Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsasən ona verilmiş səlahiyyətləri həyata keçirdiyi qeyd olunurdu. Bu kontekstdə ABŞ-a 150 gün müddətinə idxal edilən məhsullara 10 faizlik idxal tarifi tətbiq edildi və qərarın 24 fevralda qüvvəyə minəcəyi bildirildi. Lakin 21 fevralda Tramp qlobal tarif dərəcəsini 10 faizdən 15 faizə qaldıracağını açıqlayıb.
V. Quliyev