Amerikalı aktyor, rejissor, prodüser, Hollivudun canlı əfsanəsi Klint İstvud kino karyerasını başa vurduğunu bildirib.
Reyting.az xəbər verir ki, "ScreenRant" nəşrinin yazdığına görə, gənc aktyor Kayl İstvud konsert zamanı məşhur atası ilə bağlı yayılan xəbəri təsdiqləyib.
Oğul İstvud deyib ki, atası çoxdan təqaüdçü yaşında olsa da, indi təqaüdə çıxmaq qərarına gəlib, üstəlik, artıq onun 96 yaşı var və dincəlmək istəyir.
Gənc aktyor vurğulayıb ki, atası ilə bir neçə filmdə işləmək onun üçün çox böyük təcrübə olub.
Qeyd edək ki, Klint İstvudun ekranda son aktyor işi "Kişi göz yaşları" filmidir. Kinorejissor kimi isə sonuncu dəfə "Münsif № 2" adlı filmi lentə aldığı deyilsə də, bununla bağlı hələlik rəsmi açıqlama verilmir.
Hollivudun kino tarixində 60 ildən çox davam edən yaradıcılıq fəaliyyəti ərzində daha çox aktyor kimi şöhrət qazanmış Klint İstvud müxtəlif dövrlərdə beş dəfə "Oskar" mükafatına layiq görülüb. 96 yaşlı İstvud təkcə ABŞ-da deyil, bütün dünyada kinonun ən nüfuzlu simalarından biri kimi qəbul edilir.
Oqtay Qorçu