Hollivud ulduzu Kianu Rivz "LEGO" filmi ilə bağlı danışıqlara başlayıb.
Reyting.az "The Hollywood Reporter" nəşrinə istinadla xəbər verir ki, məşhur aktyor özü də rejissor Coş Kulinin lentə alacağı yeni "LEGO" adlı ekran əsəri ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
Kianu Rivz kino-layihəni "Universal" studiyası tərəfindən hazırlandığını deyib.
Onun sözlərinə görə, yeni film natura çəkilişləri ilə animasiyanı birləşdirən hibrid bir formatda təqdim olunacaq.
Qeyd edək ki, Hollivud ulduzu ilə rejissor Kuli əvvəl "Oyuncaqların tarixi 4" animasiya filmində də birlikdə əməkdaşlıq ediblər və həmin ekran əsərində məşhur aktyor kaskadyor oğlan Dyuk Ka-Bumun obrazını səsləndirib.
"LEGO" filminin süjeti hələlik açıqlanmayıb. Həmçinin qeyd olunub ki, "Universal" kino şirkəti tezliklə çəkiləcək "LEGO" franşizasının hüquqlarını Hollivudun "Warner Bros" studiyasından sonra əldə edib.
Bununla yanaşı, Kianu Rivz yaxın vaxtlarda Yaponiyada istehsal olunacaq "Hidari" adlı stop-motion filmində də baş rolun obrazını səsləndirəcək.
Onu da qeyd edək ki, son illərdə K. Rivz aktyor kimi "Balerina" filmində, eləcə də "Uğurlu tale" komediya janrında lentə alınmış ekran əsərində çəkilib.
Oqtay Qorçu