Hollivud ulduzu Con Travoltanın Kann Film Festivalında ilk filminin nümayişi olub. Məşhur aktyor rejissor debütünə görə fəxri "Qızıl Palma" mükafatına layiq görülüb. Bu, Travolta üçün həm də gözlənilməz olub. Çünki təşkilatçılar mükafatı öncədən elan etmədən aktyora sürpriz ediblər.
Reyting.az-ın məlumatına görə, məşhur aktyor ilk rejissor işi olan "Pərvanə: Gecəyə birtərəfli uçuş" filminin təqdimatı zamanı bildirib ki, bu yeni ekran əsəri həyat hekayəsi kimi onun şəxsi taleyində xüsusi önəm daşıyıb.
Kino ulduzu səhnədə göz yaşlarını saxlaya bilməyib və aktyor mükafatı "Oskardan da böyük sürpriz" adlandırıb.
Film Con Travoltanın 1997-ci ildə yazdığı kitab əsasında çəkilib. Süjet ABŞ boyunca səyahətə çıxan və təyyarə həvəskarı olan bir uşaqla anasından bəhs edir. Yeni filmdə baş rolları Hollivud aktyorları Klark Şotuell və Kelli Eviston-Kuinnett canlandırıb.

Daha bir yenilik məşhur aktyorun kinorejissor kimi ilk dəfə lentə aldığı ekran əsərində Con Travoltanın qızının, müğənni və aktrisa Ella Blunun da rol almasıdır.
Hollivudun ulduz aktyoru və rejissor kimi debütünü edən C. Travoltanın "Pərvanə: Gecəyə birtərəfli uçuş" adlı yeni filminin dünya nümayişinin mayın 29-da baş tutacağı bildirilir.
Oqtay Qorçu