Məşhur Hollivud rejissoru Stiven Spilberq heç vaxt "Netflix" platforması üçün film çəkməyəcəyini bildirib.
Reyting.az-ın "World Of Reel" nəşrinə istinadla verdiyi məlumata görə, S. Spilberq yalnız böyük ekranda nümayiş olunan kinoya inandığını deyib. O hesab edir ki, milyonlarla tamaşaçının kinoteatrlarda yaşadığı emosiyalar film sənətinin ayrılmaz hissəsidir.
Rejissorun sözlərinə görə, o, filmlərini ilk növbədə məhz nəzərdə tutduğu şəkildə - böyük ekranlar üçün çəkir.
Qeyd edək ki, "Netflix" şirkəti öz istehsalı olan filmlərin əksəriyyətinin geniş kinoteatr nümayişinə çıxarılmasına üstünlük vermir. Bununla belə, bəzi hallarda istisnalar edilir və nüfuzlu kino mükafatlarına namizəd göstərilən ekran əsərləri üçün məhdud müddətli prokat təşkil olunur.
"Netflix"dən fərqli olaraq, onun əsas rəqibləri olan "Apple" və "Amazon" başqa strategiyaya üstünlük verirlər. Hər iki şirkət istehsal etdikləri filmlərin əksəriyyətini əvvəlcə kinoteatrlarda nümayiş etdirir, daha sonra isə rəqəmsal platformalara təqdim edir.
Məlumata görə, 2026-cı ildən etibarən qəbul edilən yeni qərara əsasən, "Netflix"in film bölməsinin rəhbəri Dan Lin bildirib ki, şirkət artıq filmlərinin kinoteatrlarda nümayişinə israr edən rejissorlarla əməkdaşlıq etməyəcək.
Bununla bağlı qısa xatırlatma verən "World Of Reel" nəşri yazır ki, "Netflix"in əməkdaşlıq etməkdə çətinlik çəkdiyi tanınmış rejissorlar sırasında Stiven Spilberqin də adı çəkilir.
Oqtay Qorçu