Macarıstan Avropa Birliyinin yekun sammit bəyannaməsində dəyişiklik edilməsinə nail olub və Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş qəbulunu nəzərdə tutan ifadələrin sənəddən çıxarılmasını təmin edib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Macarıstanın Baş naziri Peter Macar “X” sosial şəbəkəsində paylaşıb.
Onun sözlərinə görə, qərar bəyannamənin mətni yekunlaşdırılarkən son anda qəbul olunub:
“Ukraynanın Aİ-yə qəbul prosesi ilə bağlı mənim təşəbbüsümlə qəbulun sürətləndirilməsinə dair bənd son anda mətndən çıxarıldı. Bu, asan olmadı”.
Peter Macar bildirib ki, edilən dəyişikliklərdən sonra bəyannamə Avropa Birliyinə üzv bütün dövlətlər tərəfindən dəstəklənə bilər.
Bundan əlavə, Budapeşt Ukraynanın Aİ-yə qəbul prosesi çərçivəsində yeni danışıqlar klasterlərinin açılması ilə bağlı tərəddüdlərini ifadə etməyə davam edir. Baş nazir hesab edir ki, bir sıra digər üzv dövlətlər də bu mövqeni bölüşür.
Peter Macarın sözlərinə görə, Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü prinsip etibarilə dəstəkləyir. Lakin rəsmi Budapeşt danışıqlar prosesinin yalnız konkret nəticələrə və müəyyən edilmiş meyarların yerinə yetirilməsinə əsaslanaraq irəliləməsinin tərəfdarıdır.
Y. Qacar