Amerikalı pop ulduzu Madonna yuxusuzluqla mübarizə üsullarından danışıb.
Reyting.az xəbər verir ki, 66 yaşlı müğənni "Interview" jurnalına müsahibəsində şəxsi həyatı və sağlamlığı ilə bağlı maraqlı açıqlamalar verib.
Madonna bildirib ki, uzun müddətdir normal yuxu rejimini itirib və yaxşı yatdığını deyə bilməz. Onun sözlərinə görə, yuxusuzluqla mübarizə aparmaq üçün dua edir, meditasiya ilə məşğul olur və uşaqlıq illərini xatırladan sevimli italyan filmlərinə baxır.
Müğənni qeyd edib ki, rahatlamaq üçün ayaqlarını maqnezium duzu əlavə edilmiş isti suda saxlayır. O hesab edir ki, bu üsul həm əsəbləri sakitləşdirir, həm də daxili rahatlıq yaradır.
Madonna dua etməyin onun həyatında xüsusi yer tutduğunu da vurğulayıb. Sənətçinin sözlərinə görə, dua yalnız mənəvi təcrübə deyil, həm də gün ərzində həyata keçirmək istədiyi niyyətləri müəyyənləşdirməyə kömək edən bir vasitədir.
Pop ulduzu uzun illərdir Kabbala təlimi ilə maraqlandığını, bəzi yəhudi bayramlarını isə ay təqviminə uyğun şəkildə qeyd etdiyini bildirib.
Madonna sosial şəbəkələrdən istifadə ilə bağlı da fikirlərini bölüşüb. O deyib ki, sosial mediada 10 dəqiqədən çox vaxt keçirdikdə özünü narahat hiss edir və əhvalı pisləşir. Buna görə də hər axşam gündəlik yazır, qeydlərini qələmlə aparır və görüləcək işlərin siyahısını stikerlərdə qeyd edir.
Oqtay Qorçu