Advert
Advert

Makron Bakı ilə Ankaranın arasını vurmaq istəyib

Tarix:
Makron Bakı ilə Ankaranın arasını vurmaq istəyib
Reklam

“Ermənistanda rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Ermənistanla “Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə” və geniş spektrli hərbi əməkdaşlığa dair sənədlər imzaladıqdan sonra quru sərhədi vasitəsilə Türkiyəyə keçmək istəsə də, rəsmi Ankara Bakı ilə məsləhətləşmələrdən sonra buna icazə verməyib. Fransa Prezidentinin Ermənistanda “işini” başa vurduqdan sonra belə nümayişkaranə şəkildə Türkiyəyə keçmək istəyi bir sıra mətləblərdən xəbər verir”.

Reyting.az-ın məlumatına görə, bunu Aydınlar Partiyasının sabiq sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.

Q. Əlibəylinin fikrincə, Makron bu addımı ilə demək istəyib ki, Ermənistanda imzalanmış sənədlər Fransaya və şəxsən ona Cənubi Qafqazda təsir imkanlarını artırmağa, həm Ermənistanın, həm də bütövlükdə regionun təhlükəsizlik arxitekturasında daha ciddi rol oynamağa və bölgədə daha fəal siyasi oyunçuya çevrilməyə imkan verir. Digər tərəfdən, Makronun bu addımını Türkiyə-Ermənistan sərhədinin açılması prosesində Azərbaycanın rolunu arxa plana keçirmək cəhdi kimi də qiymətləndirmək olar.

Əlibəyli qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər Ermənistanla sərhədlərin açılmasının Azərbaycan-Ermənistan münasibətlərindən asılı olduğunu dəfələrlə qəti şəkildə bəyan ediblər. Ermənistan rəsmiləri isə Azərbaycanı “üçüncü tərəf” hesab edərək ölkəmizin bu prosesdə iştirakına qarşı çıxıb, sərhədin açılması məsələsinin yalnız Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər çərçivəsində həllində israr ediblər.

Hüquqşünas hesab edir ki, bu baxımdan Fransa Prezidentinin quru sərhədi vasitəsilə Türkiyəyə keçmək cəhdi sadə diplomatik jest olmayıb:

“Makron bu addımı ilə sərhədlərin açılması prosesində Fransanın və özünün rolunu ön plana çıxarmağa, Azərbaycanın rol və təsirinin əhəmiyyət daşımadığını göstərməyə, nəticədə isə Azərbaycanla Türkiyə arasında narazılıq yaratmağa çalışıb. Fransa Prezidentinin bu addımı Azərbaycanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindən kənarlaşdırmağa yönəlmiş hiyləgər addım kimi qiymətləndirilməlidir”.

Əlibəyli əlavə edib ki, Türkiyə və Azərbaycan prezidentlərinin bu məsələyə münasibətdə eyni mövqedən çıxış etməsi tamamilə təbiidir:

“Türkiyə Prezidentinin Azərbaycan Prezidenti ilə məsləhətləşmədən sonra Makronun Ermənistan-Türkiyə quru sərhədindən keçidinə məhdudiyyət qoyması ilk növbədə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin və koordinasiyalı fəaliyyətinin göstəricisidir. Prezident Ərdoğan bununla diplomatik dillə həm Fransaya, həm də Ermənistana “Cənubi Qafqaz regionu ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi və maraqları mütləq nəzərə alınmalıdır”,- mesajını verir. Bu mesajı həm də Makronun Ermənistana səfərinə, Fransa-Ermənistan münasibətlərinin strateji tərəfdaşlıq və genişmiqyaslı hərbi əməkdaşlıq istiqamətində inkişafına verilmiş siyasi reaksiya, eləcə də məşhur “Bir millət, iki dövlət” formulunun diplomatik praktikada necə işlədiyinin göstəricisi kimi qiymətləndirmək olar”.

N. Orucov
Reyting.az
 

Reklam