Advert
Advert

Maral buynuzlu eşşək

Tarix:
Maral buynuzlu eşşək
Reklam

“Marallarım” silsiləsindən birinci yazı

Müəllif: BİRCƏ

Əbdürrəhim bəy Haqverdiyevin ruhuna sonsuz ehtiramla

Allah Sənə qəni-qəni rəhmət eləsin, Əbdürrəhim bəy! Bu cızma-qaraları Sənin marallarından ilhamlanıb yazıram.

Məndəkilər çox bicəltəkdilər, səninkilərin əlinə çöpü cüt-cüt verərlər. Gəl gör mənim nə qədər dodağı pöşük, yanbızı şişik, qarpız boyda başının içində darı dənəsi qədər ağlı olmayan, ev yıxan, yuva dağıdan marallarım var. Səndə belələri çətin tapıla.

Mənim də həci, kərbəlayı maralım çoxdu. Bu gün onun birindən danışmaq istəyirəm Sənin müqəddəs ruhunun hüzurunda.

Sinəsi yaralı aşıq sazını basdı sinəsinə, “Paşaköçdü” havası üstündə aldı görək nə dedi…

Mənim yaşadığım kənddən şəhərin işıqları görünməzdi. Amma hamımız bilirdik lap uzaqlarda gözəl şəhərlər var, orda yaxşı adamlar yaşayırlar. Şəxsən mənə elə gəlirdi institutu, universiteti olan diyarların adamları hamılıqla çox savadlı, mədəni, mehriban olurlar. Elə bilirdim o adamlar heç vaxt qonşularıyla dalaşmazlar, bir-birinin toyuğunu oğurlayıb yeməzlər, təndirindən küt aparmazlar. Əlqərəz, işıqlarını görmədiyim şəhərin adamlarını daim əmin-amanlıq içində yaşayan görürdüm.

Adicə məhlə sulamaq üstündə bir-biriylə dalaşan qonşularımıza baxanda loxma boğazımda qalırdı. Bütün günahlar kəndimizin adamlarındadı sanırdım.

Kitabxanamız yoxuydusa da, məktəbimiz varıydı, mədəniyyət evisə ağlımıza da gəlməzdi. Belə baxanda heç məktəbimiz də yoxuydu, məktəb binası bizdən irəliki kənddə yerləşsə də, adı bizimkiydi. Bax buna görə az da olsa şellənirdik.

O dediyim məktəbin yerləşdiyi Quşqapan kəndində qarnı şişik, boğazı deşik, burnu şömbə, qolları dizlərindən aşağı, sallaq dodağının üstündə hitlersayağı bığı, əlində qoyunqığı təsbehi olan bir məxluq yaşayırdı. Evində də bir çətən külfəti. Övladlarının hamısı işindən-gücündən qalmayan zəhmətkeş uşaqlarıydı.

Maralımın adına Dıqıran deyərdilər. Ona qədər ata-anasının çoxlu uşağı tələf olduğundan kəndin hampası Dıqırana belə gavur-moltanı adı qoymuşdu. Yazıq hardan biləydi adı boş qalmış böyüyüb nə, kim olacaq.

İtinə-pişiyinə də ayama qoşan kənd camaatı Dıqıranın da qarşısına uzunqulağın pasportdakı adını əlavə eləmişdi. Ayaması yəqin onun haqqında hər kəsə nəsə demiş olacaq, ta mən artıq söz işlədib baş yormayım.

Dıqıran balalarının heç birini oxutmadı, oxutmağı cəhənnəmə, onlara qarın dolusu çörək, gözü dolusu sevgi belə vermədi. Oğlanları şahın günəyananı kimi işlədilər, gövdəsi yoğunlamış dədə pullarını qamarlayıb özünə maşın aldı, qondu sükanın boynuna.

Hərdən məcbur olanda inəyi də maşınla otarardı. Oğlanları lalıxlamış günün altında yer qazanda, yük çəkəndə Dıqıran qırmızı “Jiquli”sində oturub İbrahim Tatlısəsin mahnılarına qulaq asa-asa şoqqar inəyini güdərdi. Axşam da gərnəşə-gərnəşə süfrə başında oturub, işləməkdən qıçı-qıçına dolaşan, saçları cürcürü, başı qavazaqlı arvadının qovurduğu beçələrin budunu, döşünü kəhildəyə-kəhildəyə, təri alnından loxmasına dama-dama dişinə çəkər, yağlı əlləriylə kələm turşusunu ağzına dürtərdi. Yalnız kələfətir doyub bığını siləndən sonra külfət də əlini bişmişə uzada bilərdi.

Dıqıran asqıranda bütün sovetlik eşidər, dərs vaxtı biz sinifdə diksinərdik. O, kəndin ortasında dana kimi böyürəndə uşaqlar qaçıb ot tayasına təpilərdilər, hələ bəlkə arıq-uruq gəlinlərdən uşaq salanı da olardı.

Qızlarından biri çox bacarıqlıydı, mahalımızdakı xalçaçılıq kursunda oxumuşdu, istədiyi adamın şəklini xalçaya toxuya bilirdi. Həmən bu qız bir gün çox sevdiyi, hamımızın yaxşı tanıdığı artistlərdən birinin şəklini toxuduğu xalçanın üstünə saldı.

Eşşək Dıqıran elə biləsən yatdığı yerdə qızıl yüklü dəvə tapmışdı. Eni bir metr, uzunu iki metr olan xalçanı vurdu qoltuğuna, qızını da pərpiləyib dürtdü maşına, Bakı deyin yol aldı. Nə başınızı ağrıdım, olan-qalan bir tikə abrını da üzündən axıdıb töküb artisti tapdı, xalçanı ona verdi. Maşını dolu qənfet, parça, bir dəst də təzə qəstumla geri qayıtdı.

O gündən qızını evə təpib, ətrafını doldurdu məşhur adamların şəkilləriylə. Ta o qızın üzünü görən olmadı. Qız bir ucdan xırda xalçalar toxudu, dədəsi soraqlaşıb sovqatı ünvanına çatdırdı, ətəyini doldurub geri qayıtdı. Yeyib şişdikcə külfətə qənim kəsildi, arvad-uşağı yağı kimi işlətdi, kəndin toylarında bozbaşdan, araqdan basıb “Meşəbəyi” havasına gəvərə-gəvərə təkcə oynadı, heç kimin də toyuna nəmər salmadı.

Dıqıranın qızı mahalın qoburnatının həşəmətli şəklini xalçaya həkk eləyəndən sonra Quşqapan kəndinin qara günləri başlandı. Eşşək Dıqıran oldu qulluqdarın qurud əzəni, alacağından qırğı aldı, verəcəyinə qarğa verdi. Artıq işə adam qoydurur, işdən adam çıxartdırırdı. Pristavla gəzirdi, hamıya barmaq silkələyirdi. Kəndin yetim-yesiri Dıqıranın odununu yarırdı, bağını suvarırdı. Yekələrdən kimsə ona babat təpinmişdi deyə bığının uclarını sallaq dodaqlarının qırağınacan uzatmışdı.

Kəndin gününü göy əskiyə düysə də, camaat Dıqıranın oğlanlarına görə sevinirdi. Kişi iki oğlunu mahalın gözəgirən yerlərində işə düzəltmişdi. Böyüyü çörək zavodunda nəzarətçiydi, hər axşam yanmış, qurumuş çörəkləri gətirib kəndin dullarına, yoxsullarına paylayırdı. Dədəsi bundan xəbər tutanda qapıları gəzib oğlunun verdiyi çörəkləri geri almışdı, aparıb itinə, inəyinə yedirtmişdi.

Oğlu qorxudan dillənə bilməmişdisə də, işin çəmini tapmışdı: yanıq, quru çörəklərin arasına yaxşılarını da yığıb verirdi Quşqapan kəndinə işləyən avtobusa. Sürücü çörəyi sonuncu dayanacaqdakı tibb məntəqəsinə qoyur, ehtiyacı olanlar gedib ordan götürürdülər.

Quşqapan kəndində hamı mərdimazardan aralı dolanırdı. Bir qılca yaxşılıq elədiyi adam səhəri bu pıspısanın üzünə gülməsəydi, bağı su, ağzı dad görməzdi. Necə deyərlər, çay qaşığıyla verdiyini çömçəylə geri alırdı.

Kəndin gimgəsində çayxana işlədən oğlan bir gecə Dıqıranın qabağını kəsib onu içəri buraxmamışdı: cavanlar içəridə bir az turşməzə kinoya baxırmışlar.

Çox keçməmiş Quşqapan kəndinin çayxanaya toplaşan cavanlarını cələkləyib apardılar, çayxananı da uçurtdular. Səhəri kələçər dana kəndin aralığında səsini başına atmışdı:

– Küçükləriniz lüt-anabülbül arvadlara baxıb nəşə çəkirdilər, mən olmasaydım eviniz yıxılmışdı!..

Bir Allah bilirdi ki, o kəndin cavanları ciyər dolusu siqaret də tapıb çəkə bilmirdilər, Dıqıranın dediyi o cüzamın üzünü belə görməmişdilər. Ancaq bir bəndə irəli durub Dıqıranın bataqlıq kimi bulanıq gözünün içinə bu sözü deyə bilmədi. Kişi evləri, adamları pəsətləyib xəbər uçururdu, ardınca da pristavın pısıx, pələş gədələri gəlib xalxın qapısını döyürdü. İrandakı qohumlarıgildə bir ay qalıb yaxşı sovqatla geri dönən qonşusu tösə Temi əlində oynatdığı təsbehi ona vermədiyinə görə kişini şərlədib qoduqluğa basdırdı.

Beləcə, Dıqıran usanmadan mərdimazarlıq eləməyində, qızı gün üzü görmədən xalça toxumağında, oğlanları da atalarının yabılığını ört-basdır eləməkdəydilər.

Bir gün Dıqıran üstündə Süleyman Dəmirəlin şəkli olan xalçanı Türkiyəyə aparıb orda xeyli ləngidi. Qayıdanda “uçuyorum, qaçıyorum” kimi sözlər işlədirdi. Ondan sonra cavanlar Dıqıranın pota şalvarını sərgidən oğurlayıb içinə cır-cındır yığır, kəndin aralığında tamaşa göstərirdilər. Bütün fellərin sonuna “yorum” şəkilçisi yamayıb lağlağı eləyirdilər. Tamaşaya baxdıqca camaata qoşulub oğlanları da gülürdü.

Bir gecə yenə gimgəyə ova çıxan Dıqıran cavanları çöp tayasının üstündə söhbətləşən görüb onlara hərcayı söyüşlər yağdırır, özünü kəndxudadan da hikkəli aparır. Cavanlar dağılışırlar, gedib başqa döngədə marığa yatırlar. Ay işığında kəndin içiylə loppaz-loppaz gəzən Dıqıranın başına yekə bir çərşov atıb onu yerə yıxırlar, ağzını da tuturlar ki, anqırmasın. Kişini ustaddangəlmə yaxşıca əzişdirirlər. Lotuların bəzisi deyirdi ki, Dıqıran şalvarını batırıb deyə iyrənib onu buraxıblar.

Mərdimazar özünə gələndə yanından bir maşın keçir, çevik tərpənib maşının nömrəsini yaddaşına yazır. Deməyəsən yuxarı kəndin cahılları Quşqapandan aşağı kənddəki ciyəraxşamından deyə-gülə gəlirmişlər. Həmən cavanların hamısını Dıqıran damlatdı. Quşqapan kəndinin lotuları bundan söz düşəndə bic-bic qımışırdılar.

Gəbə toxumaqdan beli əyilmiş qıza bir gün yaxşı yerdən elçi gəldi. Dədəsi daş atıb başını tutdu. Bayquşun ovu ağzına düşər deyiblər, qız getsəydi, Dıqıranın sehirli ağacı əlindən düşəcəkdi, el içində tasalana bilməyəcəkdi. Axırda qızı üzünə qayıtdı, ona elçi düşən oğlanın əlini buraxmadı. Vaxt ötdü, vədə yetişdi, oğlan evi gəlini aparmağa gələndə Dıqıranın eşşəkliyi yenə tutdu, kürəkənin atasına dedi ki, sənə qızıl yumurtlayan toyuq verirəm, sən də mənə filan qədər südpulu verməlisən. Ara qarışdı, məzhəb itdi, oğlan evi əliboş geri qayıtdı.

Quşqapan kəndi belə məzhəkə görməmişdi. Balaları, qardaş-bacıları ilk dəfə Dıqıranın üzünə ağ oldular, iş o həddə çatdı ki, axşam Dıqıran özü qızını maşına mindirib oğlan evinə apardı. Qızın toxuculuq alətləri, hanası, sapı, ilməsi olan otağın qapısına qıfıl vurub açarını cibinə qoydu.

İnsafən oğlan evi o qızın qızıl yumurtalarına göz dikmədi. Vaxt ötdükcə şad-xürrəm yaşayan gənc ailənin bəxtəvərliyi Dıqıranın gözünə batmağa başladı. Xalça biznesi əlindən çıxandan elə biləsən kişinin sehri sınmışdı, camaat ona salam-zad vermirdi, daha qabaqkı kimi bərkdən öskürüb-asqıra da bilmirdi. Ac adam doqquz evə gedə bilər, lüt adam heç qapısından çıxa bilməz – Dıqıran bax həmən lütə çevrilmişdi.

Bir gün fınxırıb hücum çəkdi, qızını ər evindən qoparıb geri qaytardı. Əlipayalı qapıda yatıb bir ayda ona üstünə Obamanın şəkli həkk olunan xalça toxutdu. Bu minvalla qızının ailəsini dağıtdı. Azmış kimi arıq, vızbaş arvadını da bəyənmədi, hardansa eyzən gülən, cavanlara qənfet tullayan bir sinəçax cüvənəzan tapıb gətirdi. Oğlanları elə həmən gün yığışıb, analarını da götürüb getdilər…

Dıqıran artıq məşədi, kərbəlayı olmuşdu. Başına qəribə fəslər qoyurdu, bir də görürdün yolun qırağındakı otluqda namaz qılır. Duasını dodağının altında pıçıldayır, təkcə “Allahu-əkbər” sözünü bərkdən deyirdi, bu vaxt sərçələr budaqlardan pırıltıyla uçurdu, hörüklü at hürkürdü, çəmənlikdə dənlənən hinduşkalar hıçqırışırdı. Səsi nə qədər gur, vahiməli olsa da, Allaha çatan səs deyildi, necə deyərlər, dili İncil oxuyur, ürəyi şər toxuyurdu.

Kənddə hamı Dıqıranın Amerikaya gedib xalçanı Obamaya təqdim eləyəcəyi günü gözləyirdi. Hamı onu televizorda görəcəkdi – özü belə deyib camaatın qulağını doldurmuşdu. Hələ Obamaya Qarabağın pambıq bəylərindən də danışacaqdı.

Dıqırana ən yekə pisliyi də elə Obama elədi – ona viza vermədilər. Kişi Quşqapan kəndinin ortalığında bəlğəm qaynadan sinəsini irəli verib hökküldəyirdi:

– Kül başına ay kəklik, səni qarğalar dimdikləyir. Ayə, ay Səfər, mən Səddam Hüseynə bu əllərimlə gəbə bağışlayan adamam ey, indi Amerika səfirliyi mənə viza vermir. Alacam, onları mələdə-mələdə alacam!..

Bir həftə sonra Obamanın şəkli toxunmuş xalçanın üstündə kəndə Dıqıranın meyidi qayıtdı. Mən özüm gedib görmədim, görənlər dedilər ki, kişinin qanı axan yekə başını Obamanın düz üzünə qoymuşdular.

Xalam deyirdi Dıqıranın özü kimi yekəpər bacısı qardaşını belə ağlayırmış:

– Qanlım sənsən, Obama, niyə qağamı qanına bələyib yolladın obama?..

Dıqıranın meyidi axşamdan ta günçıxana kimi seyvanında eləcə əynigeyincəkli qalıb. Heç kim irəli durub onun qanlı paltarını soyundurmayıb, ayrıq çənəsini çəkib kilidləməyib, bir tayı corablı, bir tayı corabsız ayaqlarını cütləyib çataqlamayıb.

Quşqapan kəndi Dıqıranın müsibətinə eləcə tamaşaya baxan kimi baxıb. Gün qızıb günortanı keçsə də, heç kim çırmanıb qəbir qazmağa getməyib. Oğlanları başlarını qaldırıb elin üzünə baxa bilməyiblər.

Xalam deyirdi:

– Yetimdar Tavat gəlməsəydi, bəlkə də oğlanları Dıqıranı itin-zadın qabağına atacaqdılar. Kim öz dədəsini təkcənə basdırıb ki?

Tavat elin qabağında saçını-başını yolub töküb:

– Ay camaat, Dıqıranı qoyun qırağa, bəs bunun oğlunun qollarında daşıdığı çörəklə mən yetimlərimi bələ-böyür eləmədimmi?! Balaca oğlu hamımızın xeyrinə-şərinə yaramadımı?! İrəli durun, küsümüz küsü olsun, gəlin atımızı sulayaq. Heç meyidi yumayın, gedin bir çala qazın, yumalayaq salaq ora, üstünü örtək. Belə zülüm olmaz axı!

El yetimdar Tavatdan utanıb irəli durub. Meyidi suda çalpalayıb ağa bürüyüblər, molla dalınca getməyə vaxt qalmadığından cavanlardan biri Fatihə oxuyub. Di gəl, heç kim irəli durub Dıqıranın iki oğluyla qollaşmayıb, heç kim mafənin altına çiyin verməyib. Yenə Tavat arvad hay-haray salıb kirvələrini çağırıb, meyidi hallacı götürüb atıblar kirvənin “Qazel”inə. Ona qədər Quşqapan kəndində heç bir ölünün meyidi qəbiristanlığa maşınla aparılmamışdı.

Məzarlıqda qonşunun oğlu Dıqıranın oğlanlarıyla qollaşıb kişini elə yuxarıdan qəbrinə yumalayıb. Xalamın əri deyirmiş Dıqıranın meyidi çalaya dombaltma düşdü, heç kim qəbirə girib ölünün başını qibləyə sarı çevirmədi, camaat tez irəli durub üstünü torpaqladı – guya bir an geciksəymişlər, meyid durub qaçacaqmış…

Dıqıranın ehsanını da yeyən olmadı. Hərçənd ucsuz-bucaqsız axur kimi baxdığı bu dünyada özünün yemədiyi bir şey qalmamışdı.

Aprel 2026-cı il

Reklam