Dünyanın ən zəngin amerikalı iş adamı İlon Mask Marsda şəhər qurulması planı ilə bağlı rekord məbləğdə mükafat ala bilər.
Reyting.az xəbər verir ki, “SpaceX” şirkətinin direktorlar şurasının qərarına görə, əgər nəzərdə tutulan iki əsas böyük hədəf yerinə yetirilərsə, İlon Mask rəqibsiz dahiyə çevriləcək və 200 milyon “super səs hüquqlu” səhm əldə edəcək.
Qeyd olunur ki, bunun üçün birinci şərt şirkətin bazar dəyərinin 7,5 trilyon dollara çatdırılmasıdır.
İkinci və daha çətin hədəf isə Mars planetində 1 milyon nəfərlik koloniya yaratmaq, eləcə də bütün sahələr üzrə zəruri ehtiyacları tam təmin etməkdir.

Bəzi ekspertlər bu planın texniki baxımdan mümkünlüyünü istisna etməsələr də, bir çox mütəxəssis belə iddialı layihənin həyata keçirilməsinə şübhə ilə yanaşır. Bununla belə, onlar vurğulayırlar ki, yaxın gələcəkdə müəyyən uğurlar əldə olunsa belə, Marsda məskunlaşma son dərəcə çətin proses olaraq qalacaq.
İlon Mask isə dəfələrlə Marsın fəthi ilə bağlı israrlı olduğunu bəyan edib. Milyarder bildirib ki, bu layihənin əsasını tam təkrar istifadə oluna bilən “Starship” kosmik raketi təşkil edir.
Məlumata görə, mümkün mükafatın dəyəri yüz milyardlarla dollardan 1 trilyon dollara qədər dəyişə bilər.
Ekspertlərin fikrincə, Maskın layihəsi reallaşarsa, yəni əvvəlcə astronavtlar, daha sonra isə digər insanlar Marsa ayaq basarsa, bu, tarixdə ən böyük - birdəfəlik ödəniş olmaqla - təxminən 1 trilyon dollar həcmində mükafat kimi qeydə alına bilər.
Oqtay Qorçu