Advert
Advert

Merkel Putin və Zelenski arasında vasitəçi ola bilər

Tarix:
Merkel Putin və Zelenski arasında vasitəçi ola bilər
Reklam

Avropada Ukrayna və Rusiya arasında sülh danışıqlarında amerikalıları əvəz edəcək nümayəndənin müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır. Almaniyanın keçmiş kansleri Angela Merkel mümkün namizədlərdən biri kimi göstərilir.

Reyting.az xəbər verir ki, bu barədə Avropa beynəlxalq siyasəti üzrə ixtisaslaşmış “Politico” nəşrinin analitiki Nik Vinokur məlumat verib.

Analitik hesab edir ki, namizədin təsdiqlənməsi Avropa üçün dönüş nöqtəsi ola bilər. Onun fikrincə, bu addım ABŞ-ın maliyyə dəstəyindən uzaqlaşması və müharibənin diplomatik həlli istiqamətində atılan addımlardan sonra Ukraynaya dəstəyin ikinci böyük mərhələsi olacaq.

Müəllif qeyd edir ki, Avropa tərəfdən danışıqlar prosesinə rəhbərlik edə biləcək bir neçə namizədin adı çəkilsə də, böyük ehtimalla, məsləhət şurası deyil, bir nəfər təmsilçi seçiləcək.

O, Rusiya Prezidenti Vladimir Putinin bu rol üçün Almaniyanın keçmiş kansleri Gerhard Şröderi təklif etdiyini xatırladıb. Lakin bu təklif qəbul edilməyib.

Avropa Birliyi (AB) üçün əsas namizədlərdən biri Avropa diplomatiyasının rəhbəri Kaja Kallas hesab olunurdu. O, özü də namizədliyini mümkün variant kimi qiymətləndirib. Lakin üç AB diplomatı Kallasın sərt anti-Rusiya mövqeyinin Putinin onu dərhal rədd etməsinə səbəb ola biləcəyini deyib.

“Beləliklə, o, özünü namizədlikdən kənarlaşdırdı”, - deyə AB-nin yüksək vəzifəli diplomatlarından biri Kallası nəzərdə tutaraq bildirib.

Digər namizədlərlə bağlı müzakirələr isə davam edir. Angela Merkelin danışıqlarda iştirakı da müzakirə olunan variantlar sırasındadır.

Analitik xatırladıb ki, Merkel həm  Zelenski, həm də Putinlə birbaşa danışıqlarda iştirak edə biləcək təcrübəyə malik siyasətçidir.

Bununla belə, qeyd olunur ki, bir çox avropalı Merkelin əvvəlki uğursuz vasitəçilik cəhdlərini onun namizədliyinə qarşı ciddi arqument hesab edir.

Finlandiya Prezidenti Aleksandr Stubbın da vasitəçilik təcrübəsinə malik olduğu və əvvəllər bu məsələyə maraq göstərdiyi bildirilir. Lakin analitik hesab edir ki, onun geniş AB dəstəyinə ehtiyacı olacaq və Finlandiyanın NATO üzvlüyü Moskvada ona münasibəti mənfi təsirləndirə bilər.

Üçüncü namizəd isə “Avropada geniş hörmət qazanan, nə həddindən artıq sərt, nə də Kremlə yaxın mövqedə görünən” İtaliyanın keçmiş Baş naziri Mario Draqidir. Lakin iqtisadiyyat yönümlü siyasətçi olan Draqinin bu vəzifəyə maraq göstərdiyinə dair açıq məlumat yoxdur.

Müəllif, həmçinin Norveçin xarici işlər naziri Espen Bart Eide və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar kimi şəxslərin də nəzərdən keçirilə biləcəyini qeyd edib. Bildirilir ki, Cayşankarın hər iki tərəflə münasibətləri qorumaq təcrübəsi onun üstün cəhətlərindən hesab olunur.

N. Orucov
 

Reklam