Amerikalı milyarder Ceff Bezos gözlənilməz açıqlaması ilə gündəmə gəlib. 62 yaşlı iş adamı ABŞ-da aztəminatlı vətəndaşların gəlir vergisindən tamamilə azad edilməsini təklif edib.
Reyting.az-ın məlumatına görə, "CNBC"-yə müsahibəsində Bezos bildirib ki, yüksək inflyasiya və bahalaşma səbəbindən aşağı gəlirli amerikalılar ağır maliyyə yükü altındadır.
Bezos xüsusilə il ərzində 75 min dollar qazananları nəzərdə tutduğuna işarə edib. O, statistikada, psixologiyada stereotiplərlə bağlı tez-tez xatırladılan "the nurse from Queens example", yəni "Kvinsdən olan tibb bacısı" nümunəsini misal çəkib.
Biznesmen əlavə edib ki, ümumiyyətlə, belə insanlar ayda təxminən min dollardan çox vergi ödəməməlidir.
İş adamı, həmçinin vurğulayıb ki, əslində, bu, adi bir məsələdir, eyni zamanda çox sadə məntiq və düşüncə tərzidir. Bezosun fikrincə, əslində, ABŞ-da yoxsul təbəqədən vergi almaq lazım deyil, varlıların vergilərini artırmaq gərəkdir və bu vəsaiti də insanların kirayə, həmçinin ərzaq xərclərinə yönəltmək lazımdır.
Milyarder xatırladıb ki, o, "Amazon" şirkətində çalışan əməkdaşların maaşlarından tutulan vergi məbləğlərini də çox "ədalətsiz" hesab edir. Bununla yanaşı, iş adamı Kaliforniya ərazisində milyarderlər üçün nəzərdə tutulmuş yeni 5 faizlik sərvət vergisi təşəbbüsünü də dolayı yolla tənqid edib.
267,3 milyard dollarlıq sərvətin sahibi olan C. Bezosun aşağı təbəqənin və kasıbların müdafiəsi məqsədilə verdiyi müsahibədən sonra sosial şəbəkələrdə çılğın müzakirələr başlayıb. Onu dəstəkləyən istifadəçilərin sayı, milyarderi tənqid edən kütlənin sayından daha çox olub. Bununla bağlı müzakirələr hələ də davam edir.
Lakin bəzi tənqidçilər C. Bezosun bu fikirləri məqsədli şəkildə söylədiyini iddia edib və xatırladıblar ki, sızdırılan vergi məlumatlarına görə, o, hətta müxtəlif illərdə federal gəlir vergisini belə ödəməyib.
Oqtay Qorçu