Dünya əhalisinin təxminən 74 faizi təhlükəsiz içməli su ilə təmin olunur. Avropa ölkələrinin əksəriyyətində bu göstərici 75 faizdən yuxarıdır, bəzi ölkələrdə isə 100 faizə çatır.
Reyting.az xəbər verir ki, bu barədə BMT-nin 2026-cı il üzrə hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, Albaniya Avropada istisna təşkil edən ölkələrdən biridir. Burada əhalinin yalnız 43 faizi təhlükəsiz içməli suya çıxış imkanına malikdir.
Rusiya Federasiyasında isə bu göstərici 76 faiz və daha yüksək səviyyədə qiymətləndirilir.
ABŞ-da əhalinin 98 faizi, Kanadada isə 97 faizi təhlükəsiz içməli su ilə təmin olunur. Meksikada vəziyyət fərqlidir - burada təhlükəsiz içməli suya çıxış cəmi 43 faiz təşkil edir.
Ən ağır vəziyyət bəzi Afrika ölkələrində müşahidə olunur. Mərkəzi Afrikada yerləşən və dənizə çıxışı olmayan Çadda, eləcə də Cənubi Afrika Respublikasında əhalinin yalnız təxminən 6 faizi təhlükəsiz içməli su mənbələrindən istifadə edə bilir.
Ada dövlətləri arasında isə ən aşağı göstəricilərdən biri Tuvaluda qeydə alınıb. Bu ölkədə əhalinin cəmi 9 faizi təhlükəsiz içməli suya çıxış əldə edir.

Oqtay Qorçu