"Minyonlar" animasiya filminin rejissoru Pyer Koffen illərdir sosial şəbəkələrdə və fanatlar arasında dolaşan məşhur nəzəriyyəyə yenidən münasibət bildirib. O, minyonların Adolf Hitlerə xidmət etməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bir daha vurğulayıb.
Reyting.az-ın məlumatına görə, rejissor "Polygon" nəşrinə müsahibəsində bildirib ki, İkinci Dünya müharibəsi illərində ilk filmdə təsvir olunan minyonlar mağaralarda gizləniblər və müharibə zamanı baş verən qanlı hadisələrdə heç bir şəkildə iştirak etməyiblər.
Pyer Koffen qeyd edib ki, fanatların irəli sürdüyü bu cür nəzəriyyələr onu narahat etmir. O, yayılan şayiələrə həmişə özünəməxsus yumor hissi və ironiya ilə yanaşdığını deyib.
Sözügedən fan nəzəriyyəsi ilk dəfə 2015-ci ildə nümayiş olunan "Minyonlar" filmindən sonra ortaya çıxıb. Filmdə minyonların tarix boyu müxtəlif zalım hökmdarlara, o cümlədən Napoleon Bonaparta xidmət etməsi göstərildiyindən, pərəstişkarlar onların İkinci Dünya müharibəsi dövründə harada olduqlarını müzakirə etməyə başlayıblar. Məhz bu müzakirələr nəticəsində minyonların Adolf Hitlerə də xidmət etdikləri barədə fərziyyə yaranıb.
Lakin Pyer Koffen bu iddianın tamamilə əsassız olduğunu bildirərək, minyonların həmin dövrdə müharibədən uzaq qaldıqlarını və heç bir tarixi faciədə iştirak etmədiklərini bir daha təsdiqləyib.
Oqtay Qorçu