Dünya üzrə mis ehtiyatları olduqca qeyri-bərabər paylanıb.
Reyting.az xəbər verir ki, ABŞ Geoloji Xidməti tərəfindən 2026-cı il üçün hazırlanmış məlumatlara əsasən reytinqə çox böyük fərqlə Çili liderlik edir. Bu ölkənin təxminən 180 milyon tona yaxın mis ehtiyatı var. Belə bir göstərici isə ikinci yerdə olan Avstraliyadan demək olar ki, iki dəfə çoxdur və Çiliyə qlobal bazara ciddi təsir etmək imkanı yaradır.
İlk beşlikdə Peru, Konqo Demokratik Respublikası və Rusiya yer alır. Bu ölkələr isə ümumilikdə dünya üzrə mis ehtiyatlarının yarıdan çoxuna nəzarət edirlər. Avstraliyada ehtiyatlar 100 milyon tonadək olsa da, Peru, KDR, həmçinin Rusiyada bu göstərici 80-85 milyon ton civarındadır.
Mütəxəssislərin fikrincə, yaxın onilliklər ərzində elektrikləşmə, süni intellekt infrastrukturu, enerji şəbəkələrinin genişlənməsi səbəbilə misə tələbat kəskin artacaq ki, bu proses nəticəsində də böyük resursların yerləşdiyi ölkələrin xüsusi strateji əhəmiyyəti qlobal miqyasda yüksəldəcək.
İnfoqrafikaya görə, hazırkı dövrdə dünyada 700 milyon tondan çox mis hasil edilsə də, təxminən 1 milyard tona yaxın ehtiyat hələ də qalır.
Bildirilir ki, mis ehtiyatlarının əhəmiyyətli hissəsi daha dərin, daha çətin şəraitdə yerləşir.
Məhz bu səbəbdən dünya üzrə indiyədək istismar edilməyən böyük mis yataqlarının işlənməsi, misin hasilatı çətin və mürəkkəb proses hesab edilməklə yanaşı, külli miqdarda kapital tələb edir.

Oqtay Qorçu