Fransanın "Orano" şirkəti Monqolustanda Zoovç-Ovoo uran yatağının işlənməsi üzrə layihənin icrasına başlayıb. Dörd il davam edəcək tikintidən sonra bu mədəndən illik 2,5 min ton uran hasil ediləcək.
Reyting.az-ın məlumatına görə, şirkət təmsilçiləri, eləcə də Monqolustan rəsmiləri bildiriblər ki, layihənin istismar müddəti 30 ildir.
Qeyd olunur ki, Fransa şirkəti ilə Monqolustanın dövlət şirkəti olan "MonAtom"un birgə həyata keçirdiyi layihə üzrə investisiya sazişi 2025-ci ilin yanvar ayında imzalanıb.
Məlumat üçün bildirilib ki, "Orano" şirkəti Qobi səhrasındakı geoloji kəşfiyyat işlərini 1997-ci ildən bəri həyata keçirir və bunun da nəticəsi kimi 2010-cu ildə Zoovç-Ovoo yatağı aşkarlanıb. Monqolustan tərəfindən xüsusi vurğulanıb ki, bu yatağın işlənməsinə dair investisiya sazişi iki dövlət arasında razılaşma deyil.
Beləliklə, məlum olub ki, hüquqi baxımdan bu saziş Fransa və Monqolustan arasında yox, məhz "Orano" şirkəti ilə Monqolustan hökuməti arasında bağlanmış, o cümlədən tərəflərin kommersiya maraqlarına cavab verən strateji əhəmiyyətli bir razılaşmadır.
Oqtay Qorçu