Ukrayna yaxın günlərdə Danimarka ilə öz ərazisində ballistik raket mühərriklərinin istehsalına dair müqavilə imzalamağı planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə “Fire Point” şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman bildirib.
“Moskvaya qədər uça və hədəfi dəqiq vura bilən FP-9 raketi üçün lazım olan hər şeyimiz var, yalnız mühərrikdən başqa. İdarəetmə sistemi və korpus hazırdır, lakin mühərrik sınaqdan keçirilmədiyi üçün raketin yekun yığılması hələ tamamlanmayıb. Bu ay mühərrikin sınaqlarını keçirəcəyik və yaxın vaxtlarda uçuş testlərinə başlamağı gözləyirik. Sınaqlar uğurla başa çatdıqdan və bütün sistemlərin düzgün işlədiyi təsdiqləndikdən sonra növbəti sınaq uçuşlarının Moskva istiqamətində həyata keçirilməsi nəzərdə tutulur”,- deyə Ştilerman bildirib.

Onun sözlərinə görə, Ukrayna istehsalı olan ballistik raketlər bu yay və ya ən geci payızın əvvəlində Moskvanı vura biləcək imkanlara malik ola bilər.
“Biz heç vaxt təsdiq və ya əlavə icazələrin verilməsini gözləmirik. Buna görə də dərhal istehsal xətlərini qururuq və bir-iki nümunə ilə kifayətlənmirik. İlk mərhələdə 10 sınaq nümunəsi istehsal etməyi planlaşdırırıq. Daha sonra 10-20 raket hazırlanaraq sınaq məqsədilə buraxılacaq”, - o əlavə edib.
Xatırladaq ki, Prezident Aparatının rəhbər müavini, briqada generalı Pavlo Palisa daha əvvəl bildirmişdi ki, Ukraynanın öz ballistik raketinə malik olması Rusiyaya qarşı müharibənin gedişatında həlledici dönüş yaratmasa da, Müdafiə Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
O, həmçinin ballistik raketlərin mövcudluğunu “ciddi arqument” adlandıraraq vurğulayıb ki, dünyanın bir çox ölkəsi belə silahlara sahib olması ilə öyünə bilmir.
E. Kamal