Advert
Advert

Müasir logistika Azərbaycanın strateji mövqeyini gücləndirir

Tarix:
 Müasir logistika Azərbaycanın strateji mövqeyini gücləndirir
Reklam

Son illərdə qlobal və regional geosiyasi proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və Şimal marşrutu üzrə artan risklər Avropa ilə Asiya arasında yükdaşımaların istiqamətini dəyişib. Bu səbəbdən Avropa İttifaqı (Aİ) alternativ nəqliyyat və logistika marşrutlarının inkişafına xüsusi önəm verir.

Reyting.az xəbər verir ki, bunu Aydınlar Partiyasının keçmiş sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, bu baxımdan Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Aİ üçün strateji əhəmiyyət daşıyır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edən bu marşrut qlobal ticarətin mühüm hissəsinə çevrilməkdədir.

Əlibəyli bildirib ki, Aİ-nin Orta Dəhliz boyunca nəqliyyat, enerji və rəqəmsal layihələrin əlaqələndirilməsi məqsədilə yaratdığı "Connectivity Agenda Platform" təkcə texniki koordinasiya mexanizmi deyil, həm də Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqların göstəricisidir. Onun fikrincə, platforma Avropanın Mərkəzi Asiya və Cənubi Qafqazda strateji mövqeyini gücləndirməyə xidmət edir.

Hüquqşünas qeyd edib ki, platformanın əsas məqsədləri nəqliyyat və logistika marşrutlarını şaxələndirmək, Rusiyadan asılılığı azaltmaq, Çinin təsirini balanslaşdırmaq, enerji təhlükəsizliyini gücləndirmək, həmçinin beynəlxalq maliyyə institutları və özəl investorların iştirakını genişləndirməkdir.

Əlibəylinin sözlərinə görə, Azərbaycan artıq Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçılarından biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolu və müasir logistika infrastrukturu ölkənin bu sahədə strateji mövqeyini gücləndirir.

O hesab edir ki, yeni platforma Azərbaycanın tranzit imkanlarını daha da artıracaq, ölkəyə investisiya axınını sürətləndirəcək, rəqəmsal bağlantı və yaşıl enerji layihələrinin genişlənməsinə şərait yaradacaq. Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan enerji və məlumat ötürmə xətləri isə Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da yüksəldəcək.

Q. Əlibəyli bildirib ki, yeni platforma Cənubi Qafqazın siyasi mənzərəsinə də təsir göstərə bilər. Onun fikrincə, Ermənistana da müəyyən rol ayrılması təsadüfi deyil və bu, uzunmüddətli perspektivdə İrəvanın Rusiyadan asılılığının azaldılmasına xidmət edən geosiyasi yanaşmanın tərkib hissəsidir.

Bununla belə, o vurğulayıb ki, hazırkı şəraitdə Ermənistanın Orta Dəhlizin əsas iştirakçısına çevrilməsi real görünmür. Buna səbəb Azərbaycan və Türkiyə ilə münasibətlərin tam normallaşmaması, nəqliyyat kommunikasiyalarının açılmaması, Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyənlik və ölkənin logistika infrastrukturunun mövcud marşrutlarla müqayisədə zəif olmasıdır.

Əlibəylinin fikrincə, Ermənistanın daha çox rəqəmsal kommunikasiya, elektrik ötürmə şəbəkələri və yaşıl enerji layihələrində iştirak imkanları var. Avropa İttifaqı da məhz bu istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə üstünlük verir.

"Hesab edirəm ki, Ermənistanın yeni platformadakı rolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının nəticəsindən asılı olacaq. Kommunikasiyalar açılarsa, Ermənistan regionun ümumi bağlantı sisteminə inteqrasiya oluna və İran, Gürcüstan, Türkiyə, eləcə də Azərbaycan istiqamətlərində əlavə nəqliyyat marşrutlarından biri kimi çıxış edə bilər", - deyə hüquqşünas əlavə edib.

Nemət Orucov
Reyting.az
 

Reklam