Dünya ölkələrində ən çox istehlak olunan spirtli içki növləri açıqlanıb.
Reyting.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında spirtli içkilərin ümumi həcmi deyil, tərkibindəki etanolun miqdarı nəzərə alınıb.
Ekspertlər alkoqollu içkiləri dörd qrupa bölüblər: pivə, şərab, güclü içkilər və digər spirtli içkilər.
Statistik göstəricilərə görə, pivə dünyanın bütün qitələrində hələ də ən populyar içkilərdən biridir. Ən çox pivə istehlak edən ölkələr sırasında Çexiya, Namibiya, Avstriya, Qabon və Polşa yer alır. Siyahıda adı çəkilən İspaniya şərab ölkəsi kimi tanınsa da, burada ən çox istehlak olunan içki pivədir.
Şərab istehlakı son illərdə azalsa da, Moldova, Portuqaliya, Fransa, İtaliya və Andorrada şərab əsas alkoqollu içki hesab olunur.
Müxtəlif növlərə aid edilən sərt və qismən yumşaq spirtli içkilərin istehlakında isə Sent-Lüsiya liderdir. İlk beşlikdə Litva, Latviya, Estoniya və Bolqarıstanın da yer aldığı bildirilir.
İnfoqrafikada “digər alkoqol” kateqoriyasına daxil edilən sidr, medovuxa, sake kimi bəzi ölkələrin ənənəvi içkilərinin adları da yer alıb. Bu içkilər xüsusilə Yaponiya və Cənubi Koreyada daha populyardır.
ÜST tərəfindən təqdim olunan statistik məlumatlara görə, Rusiya Federasiyasında “vodka” da daxil olmaqla sərt içkilər populyarlıq baxımından pivəni cüzi fərqlə qabaqlayıb. Orta hesabla bu ölkədə adambaşına 3,4 litr etanol tərkibli sərt içki istehlak edildiyi halda, pivə istehlakı 3,1 litr təşkil edib.

Oqtay Qorçu