Dünya ölkələri arasında adambaşına düşən ictimai kitabxanaların sayına görə şəhərlərin 2026-cı il üzrə infoqrafikası açıqlanıb.
Reyting.az-ın məlumatına görə, Dünya Şəhər Mədəniyyətləri Forumu bildirir ki, bu göstərici üzrə lider şəhər Polşanın paytaxtı Varşavadır. Şəhərdə hər 100 min nəfərə 11,98 ictimai kitabxana düşür.
Mütəxəssislərin fikrincə, bunun əsas səbəblərindən biri İkinci Dünya müharibəsindən sonra Varşavada təhsil və mədəniyyət infrastrukturunun bərpasına xüsusi diqqət yetirilməsi olub. Məhz bu siyasət şəhərdə geniş kitabxana şəbəkəsinin formalaşmasına şərait yaradıb.
Siyahının ön sıralarında yer alan digər şəhər isə Cənubi Koreyanın paytaxtı və ən böyük şəhəri Seuldur. İnfoqrafikaya görə, Seulda kitabxanalar artıq ənənəvi funksiyalarını aşaraq mühüm mədəniyyət mərkəzlərinə çevrilib. Məlumatda xüsusilə vurğulanır ki, təkcə 2023-cü ildə şəhərin kitabxanalarını 22 milyondan çox insan ziyarət edib.
Qeyd olunur ki, Seul kitabxanaları çoxfunksiyalı mədəniyyət məkanları kimi fəaliyyət göstərir. Burada mütəmadi olaraq kitab klubları, mühazirələr, təqdimatlar, yaradıcılıq emalatxanaları və müxtəlif təhsil proqramları təşkil edilir.
İnfoqrafikada ön sıralarda qərarlaşan Brüssel isə çoxdilli kitabxana sistemi ilə fərqlənir. Şəhərdə fransızdilli və niderlanddilli icmalar üçün ayrıca kitabxana şəbəkələri fəaliyyət göstərir. Bu xüsusiyyət Brüssel kitabxanalarını müxtəlif dillərin və mədəniyyətlərin qovuşduğu mühüm ictimai məkanlara çevirib.
Ekspertlər hesab edirlər ki, rəqəmsal texnologiyaların sürətli inkişafına və süni intellektin həyatın müxtəlif sahələrinə inteqrasiyasına baxmayaraq, ictimai kitabxanalar öz əhəmiyyətini itirməyəcək.
Onların sözlərinə görə, kitabxanalar gələcəkdə də informasiya əlçatanlığının təmin olunmasında, insanların maariflənməsində və mədəni inkişafın dəstəklənməsində mühüm rol oynamaqda davam edəcək.

Oqtay Qorçu