Fransanın paytaxtı Paris sakinlərinin ehtiyat etdiyi və tikintisi qalmaqallara səbəb olan “Tour Triangle” adlı göydələn layihəsinin hündürlüyü son həddə - 180 metrə çatıb.
Reyting.az Fransa mətbuatına istinadla xəbər verir ki, yerli əhalinin narahatlığına səbəb olan və İsveçrənin “Herzog & de Meuron” memarlıq bürosu tərəfindən hazırlanmış 42 mərtəbəli bina Parisin ən hündür üçüncü göydələni olacaq.
Memarlar bildiriblər ki, narahatlığa əsas yoxdur və bina artıq Paris panoramının bir hissəsinə çevrilib.
Üçbucaq formalı qüllə şəhərin mərkəzindən baxdıqda tamamilə nazik bina kimi görünür, digər istiqamətlərdən müşahidə edildikdə isə üçbucaqlı forma alır.

Yeni göydələnin inşasını həyata keçirən mütəxəssislərin sözlərinə görə, layihəyə əsasən binada hotel, ofislər, mağazalar, restoranlar və konfrans mərkəzi yerləşəcək.
Binanın fasad hissəsində günəş enerjisi istehsal edə biləcək müasir panellər də quraşdırılacaq.
Xatırladaq ki, layihə üzərində iş 2006-cı ildən aparılsa da, tikinti ilə bağlı ciddi etirazlar və çoxsaylı məhkəmə prosesləri səbəbindən göydələnin inşasına yalnız 2022-ci ildə başlanılıb.
Yayılan məlumatlarda vurğulanır ki, paytaxtda göydələnlərin sayının artmasının əleyhinə çıxan və bu həssas məsələdə əhalinin dəstəyini qazana bilən Paris meri Anne Hidalgo nəhayət bu mübarizədən qalib çıxa bilib.
Anne Hidalgo 2023-cü ildə məsələni yenidən gündəmə gətirərək şəhərin mərkəzində və ümumilikdə Paris ərazisində göydələn tikintisinə məhdudiyyətlər tətbiq etdirə bilib. Hazırda həmin qadağalar qüvvədədir.
Oqtay Qorçu