Advert
Advert

NATO-nun Rusiya ilə müqayisədə zəif tərəfləri üzə çıxıb

Tarix:
NATO-nun Rusiya ilə müqayisədə zəif tərəfləri üzə çıxıb
Reklam

Avropa rəsmiləri və hərbi komandanlar dəfələrlə xəbərdarlıq ediblər ki, Rusiya yaxın gələcəkdə NATO ölkələrindən birinə hücum edə bilər.

Reyting.az “Politico” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın İrandakı müharibəsi NATO-nun müdafiəsində Rusiyanın mümkün hücumuna qarşı müqaviməti zəiflədə biləcək beş əsas problemi üzə çıxarıb.

Birinci: sursat çatışmazlığı

ABŞ bütün vacib “Patriot” zenit raketləri ehtiyatının təxminən yarısını istifadə edib. Fransa rəsmiləri isə müharibənin ilk iki həftəsində “Aster” və “MICA” raketlərinin çatışmazlığı barədə xəbərdarlıq ediblər.

Bundan əlavə, ABŞ diqqətini Hind-Sakit okean regionuna yönəltməyə davam edərsə, resurslarının əhəmiyyətli hissəsi Avropadan çıxarıla bilər. Bunu NATO-nun yüksək vəzifəli diplomatı bildirib.

Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Castin Bronkun sözlərinə görə, Moskvanın ayda 6000-7000 hücum dronu istehsal etdiyini nəzərə alsaq, NATO müttəfiqləri “bir neçə həftə ərzində” yüksək effektiv zenit raketlərindən məhrum qala bilərlər.

İkinci: hava üstünlüyünün zəifliyi

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun baş elmi işçisi Piter Vezemanın sözlərinə görə, ABŞ-ın hava kampaniyasına baxmayaraq, İranın qonşu Körfəz ölkələrini raket və dronlarla vurmaq qabiliyyətini qoruyub saxlaması “bir ölkəni yalnız adi aviasiya vasitələri ilə təslim etməyin məhdudiyyətlərini” göstərir.

Ekspert bildirib ki, NATO hava üstünlüyü konsepsiyasını yenidən nəzərdən keçirməli və Rusiyanı çəkindirmək üçün daha yaradıcı həllər tapmalıdır. Məsələn, Moskvanın dron istehsalına və ölkənin dərinliyində yerləşən hərbi obyektlərə zərbə endirə bilən uzunmənzilli dəqiq zərbə imkanlarına investisiyalar artırılmalıdır.

“Əgər mübahisəli ərazilərdə hava üstünlüyünə nail olunsa, hətta təkcə Avropa belə döyüş meydanında Rusiya qüvvələrinə ciddi zərbə endirə bilər”, - deyə o əlavə edib.

Üçüncü: qeyri-kafi dəniz qüvvələri

Ən bariz nümunə Böyük Britaniyadır. “HMS Dragon” esminesi Aralıq dənizinə göndərilməzdən əvvəl üç həftəlik hazırlıq keçsə də, texniki nasazlıq səbəbindən limana geri qaytarılıb.

NATO-nun keçmiş sözçüsü Ed Arnold bildirib ki, 2022-ci ildən bəri diqqət daha çox quru qüvvələrinə yönəldilib və bu səbəbdən alyans daxilində dəniz hazırlığının səviyyəsi aşağı düşüb.

RUSI-nin dəniz təhlükəsizliyi üzrə eksperti Sidharth Kaushal isə qeyd edib ki, Moskva ilə mümkün münaqişədə donanma Rusiyanın Kola yarımadası yaxınlığında sualtı qayıqların aşkarlanması və “Kalibr” kruiz raketləri ilə silahlanmış gəmilərin zərərsizləşdirilməsində mühüm rol oynayacaq.

Dördüncü: daxili parçalanma

Müharibə NATO daxilində fikir ayrılıqlarını da artırıb. Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın hərbi dəstək tələblərinə tam cavab verməyib və bu da Vaşinqtonu əks tədbirlər barədə düşünməyə vadar edib.

Arnoldun fikrincə, risk ondan ibarətdir ki, ABŞ rəhbərliyi “bu dəfə müdaxilə etməyəcəyik”,- mövqeyi sərgiləyə və ya yalnız məhdud hərbi iştirakla kifayətlənə bilər.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen isə hesab edir ki, Avropa paytaxtları Vaşinqtonla daha koordinasiyalı “əməliyyat yanaşması” qəbul etməlidirlər. Onun fikrincə, Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı dəstək NATO öhdəlikləri ilə əlaqələndirilməlidir.

Beşinci: Ukraynanın əhəmiyyəti

Bronkun sözlərinə görə, alyans müdafiənin birinci xətti kimi Rusiya sərhədinə daha yaxın “təhlükəsizlik kəməri” formalaşdırmalıdır.

NATO diplomatları isə bildirirlər ki, Ukrayna ilə sənaye və hərbi əməkdaşlığı gücləndirmək, o cümlədən maliyyələşməni artırmaq vacibdir.

“Ukrayna faktiki olaraq təhlükəsizlik təminatçısı rolunu oynayır”, - deyə NATO diplomatlarından biri vurğulayıb və İrandakı müharibənin bunu bir daha göstərdiyini qeyd edib.

Xatırladaq ki, Polşanın Baş naziri Donald Tusk Rusiyanın qısa müddətdə NATO ölkəsinə hücum edə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, “illər deyil, aylar məsələsidir”.

Eyni zamanda, NATO admiralı Cüzeppe Kavo Draqone Rusiyanın itirdiyi əraziləri geri qaytarmağa çalışdığını bildirib.

N. Orucov
 

Reklam