Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən deputatı Əli Abbasov mandatının alınmasından narazıdır.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib.
Keçmiş deputat iddia ərizəsində yazır ki, deputat mandatı əsassız olaraq ləğv edilib, bu səbəbdən MSK-nın qərarının ləğvini xahiş edir.
Əli Abbasovun mandatının ləğv edilməsinə gətirib çıxaran hadisə onun içkili vəziyyətdə əvvəldən tanıdığı qadının evinə daxil olması, sonuncuya əxlaqsız təklif etməsi ilə bağlı yayılmış xəbərlər olub.
Şikayət ərizəsində yazılıb ki, Ə. Abbasov evə daxil olduqdan sonra qadının əri qəfil içəri girib, bu vaxt deputat pəncərədən tullanaraq qaçıb. Lakin çox uzaqlaşmadan qadının əri tərəfindən tutularaq ifşa olunub. Bundan bir neçə saat sonra həmin şəxs əlində bıçaqla Əli Abbasovun evinə hücum çəkib. O, deputatı bıçaqlamaq istəyərkən sonuncunun qohumu araya girərək xəsarət alıb.
Prokurorluqda aparılan araşdırma nəticəsində deputatın qadının evinə iradəsinə zidd olaraq, zorla girməsi sübut edilmədiyindən cinayət işinin başlanmasından imtina edilib. Sonradan isə həmin qadınla deputat arasında barışıq əldə edilib, şikayət geri götürülüb.
Ə. Abbasov hazırda ondan heç bir şikayət olmadığını da əsas gətirərək, deputat mandatının bərpasını xahiş edib.
Lakin Ali Məhkəmə şikayəti əsassız sayıb.
Məhkəmə qərarında yazılıb ki, iddiaçının mandatının ləğv edilməsi ilə bağlı qərar şikayətin geri çəkilməsi ilə deyil, deputat adına xələl gətirən hərəkətlər etməsi ilə bağlı olub. Ə. Abbasov etik davranış qaydalarını kobud surətdə pozduğu üçün kassasiya şikayəti rədd edilib.