Moldova Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Rumıniya vətəndaşı olaraq bu ölkə ilə birləşməyi dəstəklədiyini və referendum keçiriləcəyi təqdirdə buna səs verməyə hazır olduğunu bildirib.
Reyting.az xəbər verir ki, M. Popşoi bunu “Bessarabiyanın Səsi” radiostansiyasında deyib.
“Moldovanın Rumıniyaya qoşulması məsələsi tabu olmamalıdır. Bizdə həmişə birlikçi cərəyan olub və hələ də var. Bu müzakirə, şübhəsiz ki, ölkənin siyasi prosesinin bir hissəsidir. Rumıniya vətəndaşı olaraq, birləşməyə qarşı səs verə bilmərəm”, - deyə Popşoi əlavə edib.
Xatırladaq ki, daha əvvəl Moldova Prezidenti Maya Sandu Fransanın "Le Monde" qəzetinə müsahibəsində ölkəsinin Rumıniyaya qoşulmasının Kişinyovun Avropa Birliyinə daha tez qoşulmasına imkan verəcəyini bildirmişdi. O, həmçinin Rumıniya vətəndaşlığına malik olduğunu və birləşməni dəstəklədiyini vurğulayaraq, "belə bir qərarı vətəndaşların əksəriyyəti verməlidir",- demişdi.
Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev TASS agentliyinə müsahibəsində bildirib ki, mövcud Moldova hakimiyyətinin belə bir "Anşlus" tətbiq etmək cəhdlərinə baxmayaraq, Moldovanın Rumıniya ilə birləşmə ideyası keçmiş Sovet respublikası əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmir.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Moldova müstəqillik elan etsə də, qonşu Rumıniyadakı siyasətçilər onun ərazisini öz ölkələrinin bir hissəsi sayır və birləşməni təşviq edirlər.
E. Kamal