Advert
Advert

Neft emalı zavoduna hücumdan sonra Moskvaya qara yağış yağır

Tarix:
Neft emalı zavoduna hücumdan sonra Moskvaya qara yağış yağır
Reklam

Tammiqyaslı müharibənin başlanmasından bəri Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi ən böyük dron hücumlarından birindən sonra Moskvanın bəzi ərazilərində sakinlər “qara yağış”dan şikayət ediblər.

Reyting.az-ın məlumatına görə, Rusiya paytaxtına yaxın ərazilərə təxminən 200 dronun hücumu zamanı neft emalı obyektlərindən birində yanğın baş verib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hadisə nəticəsində qalın tüstü sütunları səmaya qalxıb, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Moskva vilayətinin cənub-şərqində yaşayan sakinlər BBC-yə bildiriblər ki, yağan yağış paltarlarında və avtomobillərdə “xoşagəlməz qara ləkələr” buraxıb. Yerli hakimiyyət orqanları isə hər hansı “neft yağışı”nın yağdığını təkzib edib.

Bununla belə, Moskvanın rəsmi Telegram kanalı hadisədən təsirlənən ərazilərin sakinlərinə pəncərələri bağlı saxlamağı tövsiyə edib. Həmçinin uşaqlı ailələrə, yaşlılara və astma xəstələrinə ərazini müvəqqəti tərk etmələri məsləhət görülüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkə ərazisində təxminən 1000 pilotsuz uçuş aparatı və Ukraynaya məxsus dörd qanadlı raket zərərsizləşdirilib. Rostov vilayətində yerləşən neft anbarına edilən hücum nəticəsində isə bir nəfərin öldüyü bildirilir.

Ukrayna Prezidenti Vladimir Zelenski dron hücumlarının ötən həftə Rusiyanın Kiyevə endirdiyi zərbələrə cavab olduğunu bəyan edib. Onun sözlərinə görə, həmin hücum zamanı Kiyevin əsas dini abidələrindən biri olan Peçersk Lavra monastırına da ziyan dəyib.

“Biz bu müharibəni istəmirik və heç vaxt istəməmişik. Amma Ukrayna yanırsa, Moskva da yanacaq”, - deyə Zelenski bildirib.

Buna cavab olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya qarşı zərbələrin daha geniş miqyasda davam etdiriləcəyini söyləyib.
 
V. Quliyev
 

Reklam