Advert
Advert

Neft sənayesinə sarsıdıcı zərbələr vurulub

Tarix:
Neft sənayesinə sarsıdıcı zərbələr vurulub
Reklam

Rusiya-Ukrayna müharibəsi və İrana qarşı hərbi əməliyyatlar nəticəsində neft emalı zavodlarına endirilən zərbələr son aylarda qlobal neft emalı gücünün təxminən 9 faizinin dayanmasına səbəb olub.

Reyting.az xəbər verir ki, “Reuters”in araşdırmasına əsasən, İrandakı müharibə fonunda Hörmüz boğazının blokadaya alınması enerji təchizatını azaltmaqla yanaşı, 2020-ci il pandemiyasından sonra neft emalı sənayesinə ən ağır zərbələrdən birini vurub.

Bildirilir ki, döyüşlər nəticəsində neft emalı zavodlarına dəyən ziyan və xammal çatışmazlığı emal həcmlərinin azalmasına səbəb olub. Bu isə zavodları strateji ehtiyatlardan istifadəyə məcbur edib.

“TotalEnergies” şirkətinin baş direktoru Patrik Pouyanne aprelin 29-da bildirib ki, ehtiyatlardan artıq 500 milyon barel neft istifadə olunub və bu göstərici 1 milyard barelə çata bilər.

IIR sənaye araşdırma agentliyinin məlumatına görə, mayın 7-dək davam edən döyüşlər nəticəsində gündəlik 3,52 milyon barel emal gücü dayandırılıb. Zərər görən obyektlər arasında “Ras Tanura Refineri” də var. Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunun gündəlik gücü 550 min bareldir.

Küveytdə isə Mina Əl-Əhmədi və Mina Abdullah neftayırma zavodları dron hücumlarına məruz qalıb. Hücumlar nəticəsində hər iki müəssisə ilə yanaşı, ölkənin ən böyük zavodu sayılan Əl-Zur neftayırma kompleksi də emal gücünü azaltmağa məcbur olub. Əl-Zur zavodunun gündəlik gücü 615 min bareldir.

Rusiya-Ukrayna müharibəsi də qlobal neft emalına ciddi təsir göstərib. Məlumata görə, bu müharibə nəticəsində gündəlik 1,42 milyon barel emal gücü sıradan çıxıb. Hesablamalara əsasən, 2026-cı ilin yanvar-may aylarında Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları gündə 700 min barel emal gücünün dayanmasına səbəb olub.

“International Energy Agency” isə Fars körfəzi ölkələrində neft emalı məhsuldarlığının bu il gündəlik 8,7 milyon barelə düşəcəyini proqnozlaşdırır. Bu, 2025-ci illə müqayisədə gündə 900 min barel azalma deməkdir.

Agentlik eyni zamanda Ukraynanın dron hücumlarının təsiri səbəbindən Rusiyanın 2026-cı il üzrə neft emalı proqnozunu da aşağı salıb. Proqnoza görə, ikinci rübdə ölkənin gündəlik neft emalı 4,8 milyon barel olacaq.

Y. Qacar
 

Reklam